REGİONLAR
“Qarabağ” futbol klubu Ağdam rayonunda 1500 aztəminatlı ailəyə ərzaq yardımı edib VİDEO
Ağdam, 2 may, Tahir Ağaməmmədov, AZƏRTAC
“Qarabağ” futbol klubu karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərə dəstək nümayiş etdirərək, Ağdam rayonunda aztəminatlı ailələrə kömək məqsədilə ərzaq yardımı paylayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, klubun rəhbərliyi, məşqçi və futbolçular rayon ərazisində 1500 aztəminatlı ailə ilə görüşərək, ərzaq bağlamaları təqdim ediblər.
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərə müsahibəsində deyib: "Klub olaraq qərara gəldik ki, Ağdam rayonunda aztəminatlı ailələrə yardım göstərək. Biz birlikdə güclüyük! Rayon sakinləri, məcburi köçkünlər bilsinlər ki, biz daim onların yanındayıq, onları düşünürük, onlar üçün oynayırıq".
Qurban Qurbanov karantin günlərində komanda heyəti ilə mütəmadi əlaqə saxladıqlarını deyib: “Futbolçular hamısı öz evindədir. Onlarla görüntülü danışıqlarımız, görüntülü məşqlərimiz olur. Çalışırıq ki, futbolçularımızın fiziki hazırlığını daim diqqətdə saxlayaq”.