CƏMİYYƏT
Qarabağ həqiqətləri gənclərin müzakirəsində
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılan “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, mərhələləri və həlli perspektivləri” adlı layihənin növbəti təlimi keçirilib.
Təlimdə Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzinin sədri Yusif Ağayev çıxış edərək son aylarda baş verən hadisələrdən söhbət açıb. O, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında dövlətin uğurlu fəaliyyətini, QHT-lərin informasiya mübarizəsindəki fəallığını qeyd edib. Eyni zamanda, region və paytaxt gəncləri arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə düzgün və sistemli məlumatlandırma, təbliğat işlərinin aparılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.
Təşkilat sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində digər önəmli siyasi alət olan “yumşaq güc siyasəti” barədə məlumat verib. Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu xarici siyasətin digər inikası olan bu məqam iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbirdə, həmçinin bu sahədə elektron informasiya bazası, geniş internet resurslarından da söz açılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Aytac Əlixanlı layihə barədə fikirlərini bölüşüb. O, gənclər arasında vətəndaş məsuliyyətinin formalaşdırılması istiqamətində aparılan işlərdə bu layihənin də özünəməxsus yer tutacağından əminliyini ifadə edib.
Təlimin ikinci hissəsində ekspert kimi çıxış edən dosent Əliyar Musayev, Cavid Abdullayev, Rəfail Əliyev, Qarabağ müharibəsi iştirakçısı Cavanşir Orucov layihənin önəmi və aktuallığı barədə danışıb, proqrama uyğun mövzuları təhlil ediblər.
Maraqlı müzakirələrlə, sual-cavabla müşayiət olunan təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.