İQTİSADİYYAT


“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 17 fevral, AZƏRTAC

“AzerGold” QSC və Heydər Əliyev Mərkəzinin təsis etdiyi “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsi yekunlaşıb. Bu gün QSC-nin inzibati binasında təşkil edilən mükafatlandırma mərasimində müsabiqənin qalibləri açıqlanıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə “AzerGold”un idarə heyəti sədrinin müavini Xəyyam Fərzəliyev dizayn müsabiqəsinin kifayət qədər maraqla qarşılandığını, müsabiqəyə ümumilikdə 887 layihənin təqdim olunduğunu bildirib. Qeyd edilib ki, qaliblər ölkənin tanınmış mütəxəssisləri, dizayner və rəssamlarından ibarət münsiflər heyəti tərəfindən növbəti mərhələyə vəsiqə qazanmış 195 layihə arasından estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında seçilib. Qalib gəlmiş dizayn nümunələrinin əsasında yeni sikkələrin istehsalının planlaşdırıldığını qeyd edən sədr müavini Qarabağın əsrlərboyu formalaşmış milli dəyərlər sisteminin elementlərinin yeni sikkələrdə öz əksini tapmasının məhsullara əlavə mənəvi dəyər qatacağını və bu nəsnələrin milli qızılımızın üzərində əbədi yaşayacağını qeyd edib.

Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva müsabiqənin gənc istedadların üzə çıxarılmasındakı rolundan danışaraq gələcəkdə də bu tip layihələrin mütəmadi qaydada icra edilməsinin yeni nəsil dizaynerlərin yetişməsində əhəmiyyətli olacağını bildirib.

M.Mehdiyeva, həmçinin deyib ki, müsabiqənin xalqımız üçün xüsusi önəm daşıyan Qarabağ mövzusuna həsr olunması təkcə rəssam və dizaynerlər deyil, ictimaiyyət nümayəndələri tərəfindən də böyük maraqla qarşılanıb.

Daha sonra sikkə dizaynı müsabiqəsinin qalibləri qismində seçilmiş dizayn nümunələri və həmin layihələrin müəllifləri açıqlanıb. Belə ki, müsabiqənin münsiflər heyətinin yekun qərarı ilə “Daş izlər” adlı dizayn layihəsinin müəllifi Əli Əmirov 1-ci, “Laləzar körpüsü” adlı dizayn nümunəsinin müəllifi Emin Aslanov 2-ci və “Qarabağ – Həyat ağacı” dizayn nümunəsinin müəllifi Elnarə Dadaşzadə 3-cü yerin qalibi seçilib. Müsabiqənin sonuncu mərhələsində, onlayn səsvermə yolu ilə ən çox – 1528 səs toplamış Nərmin Rüstəmlinin “Şuşa Qarabağın incisidir” layihəsi isə “İzləyici rəğbəti” nominasiyasının qalibi olub. Mükafatlandırma mərasimində 1-ci yerin qalibinə 3000 AZN, 2-ci yerin qalibinə 2000 AZN, 3-cü yer və nominasiyanın qalibinə isə ayrı-ayrılıqda 1000 AZN məbləğində pul mükafatı və diplomlar təqdim olunub.

Müsabiqə ilə bağlı təəssüratlarını bölüşən laureatlar yarışmanın yeni istedadların ortaya çıxarılması və təşviqi baxımından böyük bir fürsət olduğunu bildirərək təşkilatçılara təşəkkür ediblər.

Xatırladaq ki, “AzerGold” QSC və Heydər Əliyev Mərkəzinin birgə təsis etdiyi “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi parlaq qələbəyə həsr olunub. Dizayn müsabiqəsi işğaldan azad edilən Qarabağımızın qədim tarixi, mədəniyyəti, incəsənəti, qeyri-maddi mədəni irs nümunələrinin təbliğinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.