İDMAN


“Qarabağ” klubu Bolqarıstan millisinin futbolçusu ilə müqavilə imzalayıb

Bakı, 5 iyul, AZƏRTAC

“Qarabağ” klubu Bolqarıstan yığmasının və Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Simeon Slavçev ilə müqavilə bağlayıb.

AZƏRTAC xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin keçidi klubun rəsmi saytında elan olunsa da, müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2014-cü ildən “Sportinq”də çıxış edən Simeon Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon” və Polşanın “Lexiya” klublarının formasını geyib.

Xatırladaq ki, bir neçə gün əvvəl “Qarabağ” fransalı yarımmüdafiəçi Abdullah Zubiri heyətinə qatıb. Futbolçu ilə ikiillik müqavilə imzalanıb. Fransanın “Lans” klubunda çıxış edən A.Zubir 70 oyunda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Ağdam klubu İslandiya yığmasının qapıçısı Hannes Tur Halldorsson ilə də ikiillik müqavilə bağlayıb. Ağdam təmsilçisinin Avstriyada davam edən təlim-məşq toplanışına yollanan qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkib.

Hannes Tur Halldorsson karyerasına 2009-cu ildə ölkəsinin “Fram” klubunda başlayıb. Qolkiper daha sonra KR (İslandiya), “Brann” (Norveç), “Sandnes” (Norveç), NEK (Hollandiya), “Bodo/Qlimt” (Norveç) klublarında forma geyib. O, son olaraq Danimarkanın “Randers” klubunda çıxış edib və bu komandada 69 matçda meydana çıxıb.

İslandiyalı qapıçı 2012-ci ildə milli komandanın heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. O, 2016-cı ildə Avropa çempionatının final mərhələsində İslandiyanın oynadığı 5 oyunun hamısında çərçivəni qoruyub.

Halldorsson dünya çempionatının seçmə mərhələsi çərçivəsində 9 oyunda meydana çıxıb və komandasının heyətində mundiala vəsiqə qazanıb. Qapıçı dünya çempionatının qrup mərhələsində hər 3 oyunda meydanda olub və Argentina ilə matçda Lionel Messinin vurduğu 11 metrlik cərimə zərbəsini dəf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.