ELM VƏ TƏHSİL
“Qarabağ könüllüləri” klubu yaradılıb
Bakı, 18 iyun, AZƏRTAC
“Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin tərkibində “Qarabağ könüllüləri” klubu fəaliyyət göstərəcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, klubun məqsədi Qarabağ könüllülərini birləşdirmək, Qarabağa qayıdış prosesində, quruculuq və bərpa işlərində keçirilən aksiyalarda könüllü dəstəyini göstərməklə yanaşı, onların şəxsi inkişafına, gələcək fəaliyyətlərinə təkan verməkdir.
Klub çərçivəsində üzv tələbə-könüllülər üçün müxtəlif istiqamətlərdə təlimlər, infosessiyalar, müxtəlif məzmunlarda şəxsi inkişaf yönümlü könüllü tədbirləri keçiriləcək. Kluba üzv olmaq istəyən tələbə-könüllülər “karabakh.konullu.edu.az” saytında qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 25 mindən çox üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 600-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. Tələbələr “konullu.edu.az” saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.