CƏMİYYƏT
Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər və müharibə veteranları ilə əlaqədar ictimai birliklərin rəhbərləri ilə görüş olub
Bakı, 5 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri”, “20 Yanvar”, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı”, “Azərbaycan Vətən Müharibəsi Veteranları”, “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi”, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” və “Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliklərinin rəhbər şəxsləri ilə görüş olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bu barədə məlumat verərkən onu da qeyd ediblər ki, bundan əvvəl nazirlikdə “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” İctimai Birliklərinin sədrləri ilə də görüş keçirilib.
Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri və gözdən əlillər, şəhid ailələri və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərləri ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına xüsusi diqqət və qayğısının əlil və şəhid ailələrinin, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü addımların atılmasına imkan yaratdığını vurğulayıb.
Nazir bildirib ki, mühüm sosial proqramlardan biri kimi, ötən dövrdə 6,1 min nəfər əlil və şəhid ailəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminatı həyata keçirilib. Mənzillə təmin edilən əlilliyi olanlar sırasında Qarabağ müharibəsi əlilləri ilə yanaşı, Çernobıl AES əlilləri, gözdən əlillər də vardır. Dövlət başçısının tapşırığına uyğun olaraq, növbəti illərdə də həmin proqram uğurla davam etdiriləcəkdir.
Müharibə əlillərinin minik avtomobilləri ilə təmin olunması tədbirləri barədə danışılarkən bildirilib ki, həmin təbəqədən olan əlillərin, 20 Yanvar və Çernobıl AES əlillərinin sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, onların, habelə şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təminatı da həyata keçirilir. Eyni zamanda, I qrup əlilliyi olan şəxslərdən, o cümlədən I qrup gözdən əlillərdən aylıq sosial müavinət alanlara, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə Prezidentin aylıq təqaüdü ödənilir. Müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin uşaqları, müharibə veteranları, o cümlədən Əfqanıstan müharibəsi veteranları aylıq sosial müavinətlərlə təmin edilirlər.
Sosial ödənişlərin ötən dövrdə mütəmadi olaraq artırıldığını bildirən nazir müharibə əlillərinin, 20 Yanvar, Çernobıl əlillərinin və gözdən əlillərin tibbi-sosial reabilitasiyası sahəsində müvafiq işlərin aparıldığını, onlar üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulduğunu söyləyib. Nazir həmin kateqoriyaya məxsus olanlarla bağlı ictimai qurumlarla sıx əməkdaşlıq həyata keçirildiyini, aidiyyəti qanunvericilik aktlarının təkmilləşdirilməsi işlərində onların da yaxından iştirakına şərait yaradıldığını, nazirlikdə müntəzəm görüşlərin təşkil olunduğunu qeyd edib. Belə görüşlərin, o cümlədən hazırda keçirilən görüşün müvafiq sahələrdə görülən və planlaşdırılan işlər barədə həmin ictimai birliklərin rəy və təkliflərinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə qeyd olunan ictimai birliklərin rəhbərlərinin müraciətləri, eləcə də ayrı-ayrı qanunvericilik aktlarında dəyişiklik edilməsi ilə bağlı təkliflər dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər müzakirə olunub, səslənən təkliflərlə bağlı müvafiq araşdırmaların aparılması barədə nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.