CƏMİYYƏT
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da Beynəlxalq Mətbuat Mərkəzində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazir ötən dövrdə şəhid ailələri, müharibə əlilləri və veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlər, habelə əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirilməsi, reabilitasiya sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib.
Nazir Prezident İlham Əliyevin apardığı uğurlu sosial siyasətin əsas istiqamətlərindən biri kimi bu sahədə dövlət başçısı tərəfindən keçən il və bu ilin ötən dövründə imzalanan Fərman və Sərəncamların əhəmiyyətli addımların atılmasına şərait yaratdığını bildirib. O, müharibə əlilləri və şəhid ailələrinin, müharibə veteranlarının xalqımız qarşısında böyük xidmətləri olduğunu və həmin kateqoriyalardan olanlara cəmiyyətimizdə daim yüksək hörmət və ehtiram göstərildiyini, eyni zamanda, onların dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiyini vurğulayıb. Qeyd olunub ki, təkcə son altı ayda onların mənzillərlə təmin edilməsi üçün 75 milyon manat vəsait ayrılıb. Ötən il 626 ailə mənzillə təmin edilib, bu il daha 800-dən artıq ailə mənzillərə sahib olacaq. Həmin təbəqədən olanlara ötən il 250 avtomobil verilib, bu il daha 170-180 nəfər avtomobillə təmin ediləcək. I, II və III qrup Qarabağ və Çernobıl əlilləri müvafiq olaraq hər ay 182, 158 və 121 manat məbləğində müavinət alırlar. Milli Qəhrəmanlara verilən müavinətlər 1500 manata çatdırılıb, onların övladlarının ödənişsiz təhsil almaq hüququ var. Nazir həmin sosial təbəqəyə məxsus olanlara göstərilən digər qayğı və güzəştlərdən də ətraflı bəhs edib.
O, sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından belə görüşlərin keçirilməsinə, müvafiq ictimai qurumlarla fikir mübadilələrinə, onlardan gələn rəy və təkliflərin öyrənilməsinə xüsusi əhəmiyyət verildiyini və gələcəkdə də belə tədbirlərin davam edəcəyini deyib.
Milli Məclisin deputatı Flora Qasımova öz çıxışında ölkəmizdə dövlət və hərbi quruculuq sahəsində həyata keçirilən quruculuq işləri, böyük beynəlxalq və regional layihələr və aparılan ardıcıl islahatlardan danışaraq deyib: “Biz müharibə şəraitində olan dövlətik. Görülən bütün bu tədbirlərlə yanaşı, ona çalışmalıyıq ki, müharibə ilk növbədə sülh yolu ilə başa çatsın, xalqımızın itirdiyi ərazilər itkisiz və ya ən az itki ilə geri qayıtsın. Bunun üçün hamımız çəkici bir zindana vurmalı və problemlərdən birgə çıxış yolu tapmalıyıq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev həmin mövqedən çıxış edərək söyləyib: “Burda Milli Ordu yarananda iştirak edənlər, Daşaltı əməliyyatından tutmuş Aprel döyüşlərinə qədər cəbhə yolu keçənlər, Vətənin ən çətin günlərində sinəsini sipər kimi qabağa verən övladlar, torpağımızın cəsur müdafiəçiləri iştirak edirlər. Dövlətin göstərdiyi dəstək, indiyədək aparılan siyasət də xalqımızın layiqli oğullarının, bu yolda şəhid olanların ailələrinin qayğılarının yüngülləşdirilməsinə yönəldilib”.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və başqaları çıxış edərək həssas qrupların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən məmnunluqlarını bildirib və belə görüşlərin ənənəvi xarakter almasını müsbət qiymətləndiriblər.
Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə hər kəsi Qarabağ müharibəsində şəhid olanların ailə üzvlərinə, uşaqlarına mənəvi dəstək olmağa çağırıb: “Aprel döyüşlərində şəhid olanların 50-yə yaxının ailəsində uşaqlar böyüyür. Həmin şəhidlərin evlərinə üz tutmaq, ailə üzvlərinə mənəvi dəstək göstərmək, onların sosial müdafiəsi qayğısına qalmaq başlıca məsələlərdən birinə çevrilməlidir. Belə münasibət cəmiyyətdə vətənpərvərlik hissinin güclənməsinə, onların layiqli varislərinin yetişməsinə, davamçılarının yaranmasına səbəb olar”.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Qarabağ Qaziləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli şəhid ailələrinin üzvləri, müharibə veteranları və hərbi qulluqçuların sığortası, sanatoriya-kurort müalicəsi, reabilitasiya prosesinin yaxşılaşdırılması, tibbi xidmətlərdə güzəştlər göstərilməsi, avtomobillə təmin edilməsi ilə əlaqədar bir sıra maraqlı təkliflərlə çıxış ediblər.
Tədbirdə həssas qrupların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən məmnunluq ifadə edilib və belə görüşlərin ənənəvi xarakter almasının vacibliyi qeyd olunub.