REGİONLAR


Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir

Xaçmaz, 29 noyabr, Elxan Yusifli, AZƏRTAC

Biz Qarabağ müharibəsi veteranları Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an yenidən silaha sarılıb torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazırıq. Xalqımız Dağlıq Qarabağın işğalı ilə heç vaxt barışmayacaq! Azərbaycanın şanlı bayrağı yenidən Şuşada, Xankəndidə dalğalanacaq!

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər noyabrın 29-da Xaçmazda Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələri ilə keçirilən görüşdə səsləndirilib.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbirdə 17 nəfər Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Fədai”, “Vətən naminə” və “Vətənpərvərlik işində xidmətlərinə görə” medalları ilə təltif olunub. Medallar Qarabağ müharibəsi veteranlarına və şəhid hərbçilərimizin ailə üzvlərinə təqdim edilib.

Rayon icra hakimiyyəti başçısının müavini Samir Nemətov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açıb. Bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Diqqətə çatdırılıb ki, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xaçmaz rayon bölməsinin sədri Şövlət Dadaşzadə isə dövlətin bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

Bildirilib ki, təkcə 2018-ci ildə Xaçmazda bu kateqoriyadan olan 5 nəfər avtomobil, 5 nəfər fərdi ev, 1 nəfər isə mənzillə təmin olunub.

Vurğulanıb ki, Xaçmaz ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə 224 şəhid verib, rayonda 282 Qarabağ müharibəsi əlili və 400 veteran qeydiyyatdadır.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rəisi Seymur Qurbanov, müharibə veteranları, şəhid ailələrinin üzvləri, ziyalılar çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, Vətənimizin keşiyində duran oğullarımızın mərdliyindən söz açıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.