REGİONLAR
Qarabağ müharibəsi qaziləri “Möcüzəli Naftalan” sanatoriyasında reabilitasiya kursları keçirlər
Naftalan, 12 iyun, Rauf Hacıyev, AZƏRTAC
Birinci və İkinci Qarabağ müharibəsində yaralanmış və müxtəlif xəsarətlər almış qazilər, həmçinin Çernobil əlilləri sağlamlıqlarını bərpa etmək üçün Nafatalandakı sanatoriyalarda reabilitasiya kurslarına cəlb olunublar.
AZƏRTAC xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Milli Məclisin deputatı Anar Məmmədov qazilərin reabilitasiya prosesi ilə yaxından tanış olmaq məqsədilə “Möcüzəli Naftalan” sanatoriyasında müalicə alan qazilərlə və Çernobil əlilləri ilə görüşüblər.
“Möcüzəli Naftalan” sanatoriyasının rəhbərliyi bildirib ki, mərkəzə göndəriş alan və yaxud müraciət edən əlillərə dərman müalicəsi deyil, əsasən reabilitasiya, yəni funksiyanın bərpa edilməsi xidmətləri göstərilir.
Görüş zamanı qazilər müasir tələblər səviyyəsində qurulmuş sağlamlıq mərkəzindəki mülaicədən sonra səhhətlərində müsbət nəticə qeydə alındığını deyib, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.