ELM VƏ TƏHSİL


“Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” fonduna nəşrlər toplanmaqda davam edir.

Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, daxil olan nəşrlər fondu daha da zənginləşdirərək, tariximizin kitablar vasitəsilə gələcək nəsillərə ötürülməsi üçün olduqca böyük əhəmiyyət daşıyır. Fonda yeni daxil olan nəşrlər sırasında Qəzənfər Paşayevin “Xilaskarlar”, Rahil Məmmədin “Vətən oğlu”, həmçinin redaktoru Çinarə Ömray olan zəfər şəhidi baş leytenant Vüsal Kazımova həsr edilmiş “Vətən Vüsal dedi” adlı kitablar mövcuddur.

“Xilaskarlar” kitabında müəllif ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin və xalqımızın tarixindəki mühüm rolundan bəhs edib.

Nəşrlər sırasında yer alan Rahil Məmmədin müəllifi olduğu “Vətən oğlu” kitabında Azərbaycanın Milli Qəhrəmanı şəhid Murad Mirzəyev haqqında poema və vətənpərvərlik mövzusunda şeirlər toplanıb.

“Vətən Vüsal dedi” kitabı Azərbaycan Ordusunun baş leytenantı, Vətən müharibəsi zamanı Füzuli əməliyyatında, Cəbrayıl uğrunda gedən döyüşlərdə, Xocavənd rayonunun və Şuşanın azad edilməsində qəhrəmancasına iştirak edərək şəhidlik zirvəsinə ucalan Vüsal Kazımov haqqındadır.

Həmin nəşrlər AMEA-nın Mərkəzi Elmi Kitabxanasının e-kataloquna daxil edilərək rəqəmsallaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.