SİYASƏT
Qarabağ müharibəsi veteranı: Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq dinc sakinləri qətlə yetirir
Goranboy, 13 oktyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Ermənistan ordusu iriçaplı silahlardan, artilleriya qurğularından istifadə etməklə cəbhə xətti boyunca yaşayış məntəqələrini hədəf alaraq, ölkəmizə qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirir. Amma qüdrətli ordumuz düşmənin bu təxribatının qarşısını layiqincə alır və Ermənistan ordusuna yerini göstərir.
Bunu AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirinə açıqlamasında Goranboy ziyalısı, Qarabağ müharibəsi veteranı Vilayət Yusifov deyib.
Ermənistanın açıq şəkildə və qəsdən mülki əhalini, infrastrukturu hədəf aldığını deyən V.Yusifov bildirib ki, düşmən təxribat xarakterli bu hərəkətlərlə beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququ pozur. Amma təəssüflər olsun ki, dünya ictimaiyyəti erməni siyasi rəhbərliyinin dinc əhaliyə qarşı apardığı terror hərəkətlərinə biganəlik nümayiş etdirir. Düşmən humanitar atəşkəs rejiminə belə məhəl qoymayaraq öz məkrli niyyətini davam etdirir. Amma biz Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna inanırıq. Qələbə bizim olacaq.