REGİONLAR
Qarabağ müharibəsində Qubadlı rayon polisinin 12 əməkdaşı şəhid olub
Sumqayıt, 2 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi və polis işçilərinin peşə bayramı Qubadlı Rayon İcra Hakimiyyətində qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə rayon icra hakimiyyətinin binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrik məktubu oxunub.
Rayon polis şöbəsinin rəisi Bəhruz Cabbarov şəxsi heyətə təbriklərini çatdıraraq bildirib ki, müstəqil dövlətimizin ən əsas sütunlarından olan Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilir. Ölkəmizdə ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb. Bunu nəzərə alan ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Həmin ildən başlayaraq, Azərbaycan Polisi iyulun 2-ni peşə bayramı günü kimi yüksək səviyyədə qeyd edir.
Rayon prokuroru Qoşqar Əhmədov, polis veteranı Azim Abbasov, rayon ağsaqqalı Hümbət Hümbətəliyev və digərləri çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Polisinin peşəkarlığının artırılması ilə yanaşı, fəaliyyətin ən müasir beynəlxalq standartlara uyğunlaşdırıldığını vurğulayıblar. Qeyd olunub ki, bu gün Azərbaycan Polisi vətəndaşların təhlükəsizliyini qoruyaraq, cinayətkarlığa qarşı uğurla mübarizə aparır.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd edib ki, Azərbaycan Polisi Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710-u yaralanıb. Göstərdikləri fədakarlığa görə daxili işlər orqanlarının 67 əməkdaşına Azərbaycanın Milli Qəhrəmanı adı verilib, 1143 nəfər müxtəlif orden və medallarla təltif olunub.
Qubadlı rayon polis şöbəsinin əməkdaşlarının da Vətən uğrunda qəhrəmanlıqla döyüşdüklərini qeyd edən Malik İsaqov diqqətə çatdırıb ki, onlardan 12-si şəhid olub, 2 nəfəri isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bir necə polis nəfəri orden və medallarla təltif edilib.
Rayon polis şöbəsinin rəisi Bəhruz Cabbarovu Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunması münasibətilə təbrik edən Malik İsaqov xidmətdə fərqlənən polis nəfərlərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.