MƏDƏNİYYƏT
Qarabağ müharibəsində qadınların üzləşdiyi məhrumiyyətlərin ekranda ifadəsi
Bakı, 13 may, AZƏRTAC
“Köhnə çamadanlar” filminin Bakı Konqres Mərkəzində keçirilən qala gecəsində yaradıcı və texniki heyətin işçiləri iştirak ediblər. Filmin iştirakçılarından bəziləri öz ürək sözlərini kütləvi informasiya vasitələrinin nümayəndələri ilə bölüşüb.
AZƏRTAC xəbər verir ki, filmin rejissoru Səidə Haqverdiyeva deyib: “İki il bundan qabaq - hələ Vətən müharibəsindən əvvəl bir tamaşa hazırlamaq fikrinə düşdük və onun adını “Müharibənin qadın üzü olmur” qoymaq istəyirdik. Sonra kino tənqidçisi, filmin ssenari müəllifi Sevda Sultanova tələsməməyi məsləhət gördü. Biz onun məsləhətinə əməl edərək nəticədə Zəfər qazanmış qalib ölkənin qadınları olaraq Birinci Qarabağ müharibəsində əzab-əziyyətlərə düçar olmuş qadınların həyatından film çəkdik. Mən bu gün təkcə bir rejissor kimi deyil, bir qarabağlı olaraq həyəcanlıyam. Onu da xüsusi qeyd etməyə dəyər ki, bu filmin çəkilişlərində iştirak edən 78 nəfər təmənnasız olaraq çalışıblar. 25 gün davam edən çəkilişlər Bakıda, Lənkəranda, Astarada və Qubada aparılıb.
Filmin adına gəldikdə isə qeyd etməliyəm ki, hamımızın illərlə yığıb saxladığımız və heç vaxt açmadığımız sirlər var. Elə zaman gəlir ki, biz onların haqqında danışırıq. Köhnə çamadanlar da içərisində köhnəlmiş xatirələr olan ürəyimiz, qəlbimizdir”.
Filmdə ata rolunu canlandıran Xalq artisti Məmməd Səfa “Köhnə çamadanlar”ın uğurlu ekran taleyinə inandığını bildirib: “Təbii ki, müharibə çox ağır mövzudur və bu mövzuda çəkilən filmlər heç də asanlıqla başa gəlmir. İstər yaradıcı, istər texniki heyətin çiyninə eyni dərəcədə ağır yük düşür. Bu filmdə istər ön cəbhədə, istərsə də arxa cəbhədə daha çox qadınların, ana və bacıların ağrı-acısı, üzləşdikləri müsibətlər öz əksini tapıb. Hesab edirəm ki, “Köhnə çamadanlar” filmi bu ağırlığın öhdəsindən gəldi. Bu, çox uğurlu filmdir və öz tamaşaçısını tapacaq və uzun bir ömür yaşayacaq”.
İlk dəfə olaraq filmdə çəkilən Vətən müharibəsinin iştirakçısı Elnur Novruzov isə bunları deyib: “Beş nəfərlik bir heyətlə filmə dəvət olunduq. Çox ağır filmdir, çox peşəkarlıqla çəkilib və sona qədər tamaşaçı onun təsirindən çıxa bilmir. Mən filmdə Birinci Qarabağ döyüşündə iştirak edən igid əsgər obrazını canlandırmışam”.
Filmin baş prodüseri, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılovanın dedikləri də maraq doğurur: “Film ötən ilin payızında çəkilməyə başlanılıb və onun sponsorlarından biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzidir. Film Birinci Qarabağ müharibəsinin çətinlik və mərhumiyyətlərini yaşayan Azərbaycan qadını haqqındadır. Onların həyatı haqqında Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra tammetrajlı film ərsəyə gətirmək istədik. Ən vacib məqam ondan ibarətdir ki, buradakı qadınlar torpaqlarımız işğaldan azad edilənədək susur, öz həyatları barədə olan ağır hadisələr barədə danışmırdılar. Filmdə könüllülər, qazilər, Vətən müharibəsi iştirakçıları və nazirliyin tabeliyində olan müəssisələrin sakinləri iştirak edib və özlərini aktyor kimi sınayıblar”.