CƏMİYYƏT


Qarabağ regional ədliyyə idarəsinin kadrlarla komplektləşdirilməsi qısa müddətdə yekunlaşdırılacaq

Bakı, 3 dekabr, AZƏRTAC

Əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması məqsədilə həm kütləvi informasiya vasitələrinin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir. Dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Facebook” səhifəsində ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə canlı yayımların təşkili də əhalinin hüquqi maarifləndirilməsində mühüm əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bu istiqamətdə həyata keçirilən növbəti tədbirlər çərçivəsində dekabrın 3-də Ədliyyə Nazirliyi tərəfindən “Qarabağ regional ədliyyə idarəsinin fəaliyyətinin təşkili” mövzusunda onlayn qaydada brifinq keçirilib.

Ədliyyə Nazirliyinin “Facebook” səhifəsində brifinqdə canlı yayımda iştirak edən nazirliyin təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini idarə edən Sübhi Kazımov idarənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında dövlətimizin başçısının Fərmanı ilə əlaqədar Ədliyyə Nazirliyi müvafiq addımlar atır. Bununla bağlı artıq nazirliyin Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb. Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl Füzuli və Kəlbəcər rayonları daxildir. İdarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır.

Artıq işğaldan azad edilən rayonların komendantları ilə əlaqə saxlanılıb və sıx əməkdaşlıq edilir. Hazırda idarənin təcrübəli kadrlarla komplektləşdirilməsi işlərinə başlanılıb. Hazırda nəinki həmin rayonlardan olan ədliyyə əməkdaşları, Bakıdan və digər bölgələrdən olanlar da orada fəaliyyətini davam etdirmək üçün çoxsaylı müraciətlər edir. Qısa müddətdə idarənin kadr komplektləşdirilməsini yekunlaşdırmağa çalışacağıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.