CƏMİYYƏT


Qarabağ şəhidlərinin xatirəsi İraqın Nəcəf şəhərində anılıb

Bakı, 19 noyabr, AZƏRTAC

İraqın müqəddəs Nəcəf şəhərində Qarabağ şəhidlərinin xatirəsinin anım mərasimi keçirilib. Nəcəf şəhərindəki Əhli-beyt hüseyniyyəsində təşkil olunan tədbirdə İraq dini mühitinin görkəmli şəxsləri, elm xadimləri, ictimaiyyət və KİV nümayəndələri, şəhər sakinləri, bu ölkədə təhsil alan xarici tələbələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Nəcəfdə təhsil alan azərbaycanlı tələbələr tədbirdə çıxış edərək Ermənistan-Azərbaycan münaqişəsinin tarixi haqqında ətraflı danışıb, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən bəhs ediblər.

Anım mərasimində Azərbaycan Ordusunun Qarabağı azad etmək uğrunda apardığı şanlı mübarizədən söhbət açılıb, Gəncə və Bərdə şəhərlərinin ermənilər tərəfindən atəşə tutulduğu, nəticədə onlarca dinc sakinin qətlə yetirildiyi də qeyd olunub. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan qədimdən bəri böyük alimlərin Vətəni olub, repressiya illərində onların böyük hissəsi məhv edilsə də, bir çox alimlərimiz dünyanın müxtəlif bölgələrində, o cümlədən Nəcəf Dini Elmlər Mərkəzində uğurla tədris və təhsil fəaliyyəti göstərib. Eləcə də Azərbaycan Ordusunun işğal altındakı tarixi abidələrin, ermənilərin hətta donuz saxladıqları məscidlərin azad edilərək təmizləndiyi və hazırda bu məkanların ibadət üçün bərpa olunduğu vurğulanıb. Bildirilib ki, gələcəkdə onların hamısının yenidən təmir ediləcəyi Azərbaycan Prezidenti tərəfindən elan olunub.

Tədbirdə Nəcəf şəhərinin məşhur din xadimləri, Nəcəf hövzəsinin tanınmış ustadları, universitet müəllimləri və başqaları çıxış ediblər. Natiqlər Azərbaycan xalqının Qələbə sevincinə şərik olduqlarını bildirib, şəhidlərin ruhuna rəhmət oxuyub, yaralılara şəfa diləyiblər. Qeyd edilib ki, bu tədbir müsəlman həmrəyliyinin bariz nümunəsidir və Nəcəf Dini Elmlər Mərkəzi İslam həmrəyliyi ənənəsini davam etdirərək Azərbaycan xalqının yanında olduğunu bir daha bəyan edir.

Anım mərasimində qaldırılan plakatlardan birinin üzərində bu sözlər yazılıb: “Azərbaycanın Zəfəri və İslam torpaqlarının Azərbaycan əsgərlərinin qanı bahasına qaytarılması bütün müsəlmanların qələbəsidir!”

Anım mərasimi İraq mətbuatı tərəfindən geniş işıqlandırılıb.

İraqdakı silsilə tədbirlərin yaxın günlərdə davam etdiriləcəyi nəzərdə tutulur. Kərbəla şəhərində, İmam Hüseynlə Həzrət Abbasın müqəddəs məzarları arasındakı “Beynəl-hərəmeyn” adlanan ərazidə Qarabağ şəhidlərinin portretlərini əks etdirən plakatların nümayiş etdirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.