ELM VƏ TƏHSİL
“Qarabağ tarixinin aktual problemləri” məqalələr toplusu çapdan çıxıb
Bakı, 29 aprel, AZƏRTAC
AMEA Elm Tarixi İnstitutunun Elmi şurasının iclasının qərarı ilə çapa məsləhət görülmüş “Qarabağ tarixinin aktual problemləri” məqalələr toplusu nəşr edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, nəşr Azarbaycanin qədim və zəngin mədəni irsə malik olan Qarabag bolgəsinin tarixinə həsr edilib. Qarabağ tarixinin müxtəlif aspektlərdən araşdırıldığı və Azərbaycan tarixinin bir sıra aktual problemlərinə aydınlıq gətirildiyi məqalələr toplusu yeni və nəşr olunmamış arxiv sənədləri, çoxsaylı elmi-siyasi faktlarla, spesifik məlumatlarla zəngindir.
Topluda Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylinin “44 günlük müharibədə Azərbaycan diasporunun fəaliyyəti”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Erməni kilsəsi”, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, dosent Ziyad Əmrahovun “Çarizmin işğal siyasətinin Azərbaycanın inzibati-ərazi quruluşunda əksi rusdilli mənbələrdə (İrəvan quberniyası nümunəsində)”, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin “Düşmən işğalından azad olan Qarabağ abidələri və onların bərpası metodları” və digər məqalələr yer alıb.
Toplu əhatə etdiyi mövzular, siyasi gündəm, elmi-tarixi maraqlar baxımından peşəsindən, ixtisasından asılı olmayaraq Qarabağ, o cümlədən Azərbaycanın tarixi ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulub.