ELM VƏ TƏHSİL
“Qarabağ: ulu vətənimiz” kitabı təqdim edilib
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun daş dövrü arxeologiyası şöbəsinin müdiri, professor Əsədulla Cəfərovun “Qarabağ: ulu vətənimiz” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Qarabağ: ulu vətənimiz” kitabının müəllifin uzun illər Qarabağda apardığı arxeoloji tədqiqatlara həsr olunduğunu qeyd edib. O bildirib ki, kitabı Ə.Cəfərovun keçdiyi həyat yoluna həsr edilmiş salnamə də hesab etmək olar. Ə.Cəfərovun əsərləri Azərbaycan arxeologiya elminə böyük töhfələr verib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova müəllifin elmi fəaliyyətindən bəhs edib. Vurğulayıb ki, Ə.Cəfərov AMEA-da çalışdığı müddətdə Azərbaycanın və Cənubi Qafqazın dağlıq ərazilərini qarış-qarış gəzərək qədim insan məskənlərini tədqiq edib. Onun tədqiqatlarının nəticəsi olan əsərləri nəinki Azərbaycanda, hətta Avropada yayılıb.
Ə.Cəfərov bildirib ki, kitab uzun illər Qarabağda apardığı arxeoloji tədqiqat işlərinin nəticələrinə, həmçinin elmi və pedaqoji fəaliyyətinin yekunlarına həsr olunub. Dörd bölmədən ibarət əsərin birinci bölməsində alimin orta məktəb illərindən, ilk dəfə Qarabağa qədəm qoyduğu günlərdən, Azıx, Tağlar və digər abidələrdə apardığı arxeoloji tədqiqatlardan, aşkar edilən maddi-mədəniyyət qalıqlarından bəhs edilir. Nəşrin ikinci bölməsi onun dövri mətbuata verdiyi müsahibələrindən ibarətdir. Müsahibələrdə Azıx düşərgəsində aşkar olunan Quruçay, qədim aşel, orta aşel, son aşel, mustye və üst paleolit arxeoloji mədəniyyətləri haqqında geniş məlumat verilir. Həmçinin Qarabağın, o cümlədən Azıx paleolit düşərgəsinin tarixini saxtalaşdırmağa cəhd edən ermənilərin əsassız fikirləri faktlarla təkzib olunur.
Kitabın üçüncü bölməsində müəllif Qarabağın arxeoloji mədəniyyətləri, Azıx, Tağlar, Şuşa, Naxçıvanın Qazma, Lerikin Buzeyir və Zuvandçay düşərgələrində tapılan maddi-mədəniyyət qalıqlarını elmi-publisistik məqalələrində geniş şərh edib.
Tədbirdə AMEA-nın müxbir üzvləri Şahbaz Muradov, Vəli Əliyev, Əminağa Sadıqov, professorlar Fərahim Sadıqov, Şahin Fazil çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.