Qarabağ və Şərqi Zəngəzur bölgələri tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək
AzerTAg.az

Bakı, 24 mart, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzur bölgələri çox zəngin turizm potensialı ilə diqqət çəkir. Bu gün düşməndən təmizlənən həmin ərazilərdə geniş həcmli tikinti-quruculuq, abadlıq tədbirlərinin aparılması da yaxın gələcəkdə regionun turizm sənayesinin inkişafı baxımından mühüm önəm daşıyır. Yol infrastrukturunun sürətlə qurulması, “Ağıllı kənd” və “Ağıllı kənd təsərrüfatı” layihələrinin gerçəkləşdirilməsi bu sektorun tezliklə yeni inkişaf mərhələsinə daxil olacağına əminlik yaradır.
Yeri gəlmişkən, hazırda adları çəkilən konsepsiyaların həyata keçirilməsi ilə bərabər, turizm marşrutlarının işlənib hazırlanmasına da xüsusi əhəmiyyət verilir. Çünki indidən bu layihə icra olunmasa, Böyük Qayıdışdan sonra turizm sektorunun inkişafında müəyyən problemlər üzə çıxa bilər. Ona görə də fikrimcə, bərpa prosesi ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin turizm potensialı da dərindən araşdırılmalı, turizm marşrutları, tarixi abidələr, cəlbedicilik cəhətdən zəngin, füsunkar, təkrarolunmaz təbiət məkanları diqqətlə nəzərdən keçirilməlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.
O bildirib ki, artıq respublikamızda Qarabağ və Şərqi Zəngəzurun turizm resurslarının qiymətləndirilməsi, turizm nümayiş obyektlərinin uçotunun aparılması, turizm potensialından səmərəli istifadə edilməsi, sağlamlıq, dağ və mədəni turizm resurslarının araşdırılması ilə bağlı “Turizm resurslarının qiymətləndirilməsi” adlı ilkin metodologiya sənədi hazırlanıb.
“Yuxarıda adı çəkilən sənədlə yanaşı, ölkə rəhbərinin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı turizmin və turizm klasterlərinin inkişafı, təşviqedici və tənzimləyici siyasət mexanizmlərinin işlənilməsi, innovativ texnologiya alətlərinin tətbiqi, turizm infrastrukturu, dövlət-özəl əməkdaşlıq və digər prioritet istiqamətlər əsasında hazırlanan Qarabağda Turizmin İnkişafı Strategiyası da mühüm əhəmiyyətə malikdir. Bu strategiyada turizm məhsullarının hazırlanmasının həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılması nəzərdə tutulub. Başqa sözlə, Böyük Qayıdışı şərtləndirən yaşayış evlərinin tikintisi, infrastruktur layihələrinin reallaşdırılması ilə birgə turizm məhsullarının da yaradılması planlaşdırılıb”, - deyə E.Bağırov əlavə edib.
E.Bağırov qeyd edib ki, Vətən müharibəsindən ötən müddətdə işğaldan azad edilən ərazilərdə Füzuli Beynəlxalq Hava Limanının tikintisi, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və inşası, Kəlbəcər-Laçın istiqamətinə Göygöl rayonundan başlayaraq magistral yol salınmasının nəzərdə tutulması, eyni zamanda, Şuşanın füsunkar təbiət coğrafiyasında yerləşməsi, şəhərdəki tarixi-mədəni obyektlərin, Xarıbülbül və Qarabağ mehmanxanalarının ən son standartlara uyğun formada təmir edilərək istifadəyə verilməsi Qarabağda dayanıqlı turizmin inkişafını şərtləndirəcək, Füzuli, Xocavənd və Şuşanın turistlər üçün əlçatan olmasına mühüm təsir göstərəcək. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfərləri zamanı burada Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməlinin qoyulması da bunun bariz ifadəsidir. Yuxarıda qeyd edildiyi kimi, bu turizm mərkəzinin də icrasının ərazidə aparılan bərpa-quruculuq işləri ilə paralel gerçəkləşdirilməsi nəzərdə tutulur. Belə ki, burada ərazinin minalardan təmizlənməsi, dağıdılan tikililərin qalıqlarının yığışdırılması, abadlaşdırılması, çoxillik bitkilərin budanması ilə yanaşı, əraziyə uyğun bitkilər əkilməsi də planlaşdırılır.
“Xatırladım ki, axar-baxarlı bir ərazi olan bu yerdə ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Suqovuşan su anbarı tikilib. Otuz il düşmən əsarətində qalan bu torpaqlarda qurub-yaratmaq düşmənin yadına düşməyib. İndi isə Suqovuşanın dünyanın ən gözəl təbiət incilərindən birinə çevrilməsi qərara alınıb. Belə bir füsunkar zonda, Suqovuşan su anbarının ətrafında turizm kompleksinin yaradılmasına başlanıb, sahilboyu gəzinti cığırlarının salınması, oturacaqların, söhbətgahların quraşdırılması nəzərdə tutulub. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacağın, turizm məlumat mərkəzi və ictimai iaşə obyektinin yaradılması da planlaşdırılır. Təməlqoyma mərasimində Suqovuşan Turizm Kompleksində işlərin cari ilin sonunadək başa çatdırılacağı, növbəti mövsümdə turistlərə xidmət göstəriləcəyi də bildirilib”, - deyə E.Bağırov əlavə edib.
E.Bağırov açıqlamasının sonunda bütün bu reallaşdırılan layihələrin çox füsunkar, təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcəyini qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var