İQTİSADİYYAT
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma layihələrində Türkiyə fəal iştirak edir

Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycanın müzəffər Qələbəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarda yeni infrastruktur və biznesin inkişafı layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir. İşğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi digər ölkələr, həmçinin Türkdilli ölkələr üçün geniş imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Aminə Bayramova deyib.
O bildirib ki, Türkdilli dövlətlər içərisində Azərbaycan bu sahədə Türkiyə ilə səmərəli əməkdaşlıq həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələrinin, yolların tikintisində Türkiyə şirkətləri fəal iştirak edir. Həmçinin bu ilin fevral ayında iqtisadi əlaqələrin inkişafı məqsədilə Azərbaycan və Türkiyə arasında dağ-mədən, tekstil, nəqliyyat logistika, kiçik və orta sahibkarlıq və investisiyaların təşviqi, memarlıq-layihələndirmə kimi sahələrdə ümumilikdə 11 protokol imzalanıb. Bütün bu imkanlar fonunda iki ölkənin əməkdaşlığının genişləndirilməsi, birgə istehsal müəssisələrinin təşkili, nəqliyyat-logistika, həmçinin əlverişli coğrafi mövqe üstünlüklərdən istifadə ölkələrimizin qarşılıqlı ticarəti, investisiya qoyuluşlarını artıracaq, bölgədə nəqliyyat-kommunikasiya əlaqələrini gücləndirəcək, işğaldan azad edilmiş torpaqlarımızın bərpasında və inkişafında səmərəliliyi artıracaq.
Analitik deyib: “İşğaldan azad olunmuş ərazilərimizdə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materialları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması və ölkə iqtisadiyyatına inteqrasiyası, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər Türkdilli ölkələr ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir”.