CƏMİYYƏT
Qarabağ və Şərqi Zəngəzurun bitki örtüyünün xəritəsi tərtib edilir

Bakı, 7 iyun, AZƏRTAC
Məlum olduğu kimi, “Qırmızı kitab”ın üçüncü nəşri mayın 22-də təqdim edildi. Sonuncu nəşrdə əvvəlkilərdən fərqli olaraq yeniliklər də var. Onlardan biri çəhrayı siyahıların tərtib olunmasıdır. Bundan əlavə, ikinci nəşrdən fərqli olaraq bu dəfə Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqatların nəticəsi də “Qırmızı kitab”da əksini tapıb.
AZƏRTAC-ın “Qırmızı kitab”ın üçüncü nəşrinə daxil edilən flora növlərinə dair suallarını Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva cavablandırıb.
- Səyyarə xanım, “Qırmızı kitab”ın üçüncü nəşrinə 460 flora növü salınıb. Əvvəlki nəşrdən fərqli olaraq neçə yeni bitki növü daxil edilib? Həmçinin neçə bitki növü çıxarılaraq çəhrayı siyahıya əlavə olunub?
- “Qırmızı kitab”ın II nəşrində 300 növ qiymətləndirilmişdi. Onlardan 224 növ yeni nəşrə daxil edilib. Çəhrayı siyahıya isə 58 növ isə salınıb. Çəhrayı siyahıya salınmış növlərin xüsusi mühafizəsinə ehtiyac yoxdur, lakin onların qorunması üçün hələ də müəyyən mühafizə tədbirləri aparılmalıdır. Həmin növlərdən 53-ü “Qırmızı kitab”ın II nəşrində olan növlərdir. Digər beş növ isə çəhrayı siyahıya yeni daxil edilib. Ümumən, “Qırmızı kitab”ın yeni nəşrində ikinci nəşrdə olan 23 növ daxil edilməyib, 53 növ isə çəhrayı siyahıda saxlanılıb. Yəni 76 növ çıxarılıb, 236 yeni növ isə daxil edilib.
- Qarabağ və Şərqi Zəngəzurda müəyyən məhdudiyyətlər daxilində tədqiqatlar aparılıb. Hətta Zəngilanda iki yeni Xarıbülbül növü aşkarlanıb. Həmin ərazilərə məxsus endemik bitiklərdən daha hansılar “Qırmızı kitab”a daxil edilib?
- Hazırda Qarabağ və Şərqi Zəngəzurun bitki örtüyünün xəritəsi tərtib edilməkdədir. Həmin ərazilərdə 7 endem və 7 subendem növ olduğu müəyyən edilib. Endemlərdən Şuşa paxladəni (gəvəni), subendemlərdən isə Cəbrayıl paxladəni (gəvəni), görkəmlı yastıbaş, karyagin yemliyi, sağsağan gülxətmisi, Şovıç çoğanı, Şuşa vələsi “Qırmızı kitab”ın III nəşrinə daxil edilib.
- Son dövrlərdə reintroduksiya layihələri çox aktualdır. Qarabağ və Şərqi Zəngəzura hansı bitkiləri reintroduksiya etmək olar?
- Qarabağ və Şərqi Zəngəzur ərazisi vaxtilə sıx meşə örtüyü, zəngin otlaq sahələri ilə məşhur idi. Erməni işğalçılarının bitki örtüyünə qarşı törətdikləri fəsadları aradan qaldırmaq üçün yaxşı olardı ki, fıstıq, palıd, vələs meşə sahələrində olan pöhrələr başqa ərazilərə köçürülsün. Bundan başqa, Qarabağ ərazisində rast gəlinən və “Qırmızı kitab”ın III nəşrinə daxil edilmiş nadir və nəsli kəsilməkdə olan 91 növün (Turan qovağı, meşə gilası, Kоmаrоv itburnusu, gövdəsiz zirəvər, əyrı qarağat, Qafqaz zirəsi və b.) populyasiyalarının nəzarətə götürülməsi, fərdi mühafizəsinin təşkili, toxumlarının toplanılması, həmçinin introduksiya və reintroduksiya işlərinin aparılması flora müxtəlifliyinin qorunması və bərpası baxımından mühümdür. Reintroduksiya üçün əsasən Zəngilan ərazisinə xas olan Şərq çinarının bərpası istiqamətində addımlar atıla bilər. Ümumən ərazilər minalar təmizlənməmiş və ətraflı tədqiqat aparmadan dəqiq fikir söyləmək çətindir.