REGİONLAR


Qarabağ xanlığının əsas paytaxt qalaları

Şuşa, 15 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Qarabağ xanlığı 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra tarixi Azərbaycan torpaqlarında yaranıb. Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən Qarabağ xanlığı Azərbaycanın xeyli ərazisini əhatə edirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Yuxarı Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə yanaşı, Mehri və Qarakilsə şəhərinə (indiki Ermənistan ərazisi) qədər uzanırdı.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Elçin Əhmədov deyib: “Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli xan Cavanşir olmuşdur. Qarabağ xanı Pənahəli bəy Cavanşirlər elinin (tayfasının) Sarıcalı oymağından idi. Cavanşir elinin Sarıcalı oymağının başçıları XVIII yüzillikdə xanlıq yaratdıqdan sonra Sarıcalı-Cavanşir kimi tanındılar. Cavanşirlər tayfası Qarabağın qədim sakinlərindən olmuş və uzun müddət Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır.

Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifə onun möhkəmlənməsinə nail olmaq idi. Pənahəli xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın sürgün olunmuş türk əhalisini - Cavanşir, Otuziki və Kəbirli ellərini geriyə, doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını daha da gücləndirdi.

Həmin dövrdə Pənahəli xan Sarıcalı-Cavanşir strateji əhəmiyyətli müdafiə qalalarının tikilməsini lazım bildi. Bu sahədə ilk addımlardan biri qədim Azərbaycan-türk tayfası bayatların adı ilə bağlı olan Bayat qalasının tikilməsi oldu. Beləliklə, Pənahəli xan Cavanşir 1748-ci il yanvarın 2-də Ağcabədi yaxınlığında Kəbirli mahalında xanlığın ilkin paytaxtı olan Bayat qalasının bünövrəsini qoydu. Xan bütün ailəsini, qohumlarının və Bayat elinin böyüklərini oraya topladı. Ətrafda olanlar, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdilər.

Qeyd etmək lazımdır ki, Pənahəli xanın “Qarabağ hakimi” kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynamışdı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra Pənahəli xanın qəhrəmanlığı o zaman Qarabağda yaşayan bütün türk tayfalarının müharibəsiz olaraq onun təbəəliyinə keçməsini şərtləndirdi.

Bununla yanaşı, Bayat döyüşü bu qalanın gələcək tarixi sınaqlara dözə bilməyəcəyini də üzə çıxardı. Ona görə də yeni qala salınmasına daha çox ehtiyac var idi. Həmçinin, Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan orada uzun müddət böyük hərbi qüvvə saxlamaq da mümkün deyildi. Bu səbəbdən də Pənahəli xan tərəfindən Ağdamın 10 kilometrliyində yerləşən “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında inşaat işlərinə başlanıldı və kiçik qala-şəhər halına salındı. 1749-1750-ci illərdə Tərnəküt adlandırılan ərazidə, Şahbulağının üstündə Şərq memarlıq üslubunda, orta əsr qalalarına məxsus əzəmətli görünüşdə məşhur Şahbulaq qalası yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olundu.

Kompleks vaxtilə güclü mühafizəyə malik olduğundan onu “qıfıl” (kilid) adlandırmışdılar. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə görə, xan sarayı kompleksinin tikildiyi ərazidəki bulağın əvvəlki adı “Kilid-qıfıl” olmuşdur. Kompleks burada inşa edilən zaman onun adı da bulağın adından götürülmüşdür. Qeyd etmək lazımdır ki, saray kompleksinin planında və quruluşunda da kilidi xatırladan elementlərdən də istifadə edilmişdir.

Bunda əlavə, kompleks yaşayış evlərindən, bazar meydanı, hamam və məsciddən ibarət olmuşdur. İki ilə başa çatan kompleksin mühafizə divarları yaxınlığında Qarabağ xan sarayı yerləşirdi. Qala plana əsasən, düzbucaqlı formada inşa edilmişdir. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindirik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Qalanın divarlarının hündürlüyü 7 metr, qüllələrin hündürlüyü isə 8,5 metr olmaqla yanaşı, kompleksin girişi şərq divarının mərkəzindən qoyulmuşdu. Qalanın şimali qərbində bulağın yaxınlığında kiçik ibadət zalından ibarət çox da böyük olmayan Şahbulaq məscidi də inşa edilmişdi.

Tədqiqatçıların fikirlərinə görə, Şahbulaq qalasının memarlıq üslubu Qarabağ xanlığında inşa edilən bir sıra tikililərin, o cümlədən Qarabağın mərkəzi Şuşa şəhərinin inşaat işlərinə də əhəmiyyətli təsir göstərmişdir. Şuşa qalası bütün qaladaxili qəsrlərinin memarlıq-planlaşdırma və strukturu baxımından, demək olar ki, Şahbulaq qalasının xüsusiyyətlərini təkrarlayırdı. Şuşa qalası keçilməz, əlçatmaz bir yerdə inşa edilmişdi, hətta ən güclü düşmənin belə onu mühasirəyə almasına imkan vermirdi. Qarabağ xanlığının paytaxtı Şuşa qalasına köçürüldükdən sonra Şahbulaq qalası xanlığın yay iqamətgahına çevrildi. Mühüm memarlıq abidəsi olan Şahbulaq qalası Birinci Qarabağ müharibəsinə qədər yaxşı mühafizə edilərək saxlanılmışdı. Keçmiş SSRİ dövründə Ağdam səhərinə gələn bütün xarici qonaqlar bu abidəni ziyarət edirdilər. Bu baxımdan, abidə kompleksi həmişə diqqət mərkəzində olmuş və demək olar ki, Ağdamın simvoluna çevrilmişdi.

Daha sonra isə Pənahəli xan yeni daha etibarlı paytaxt yaratmaq üçün dəniz səviyyəsindən 1500-1600 metr yüksəklikdə olan, sıldırım qayalarla əhatə olunmuş və alınmaz qalanı xatırladan strateji əhəmiyyətli yeri seçdi. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və həmin əsrin sonrakı illərində qala divarlarının çəkilməsi davam etdirildi. Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, qala-şəhərə çevirmişdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.