İQTİSADİYYAT
“Qarabağ” yatağının işlənməsinə dair saziş ratifikasiya edilib
Bakı, 29 iyun, AZƏRTAC
“Qarabağ” neft yatağının işlənməsinə dair saziş ratifikasiya olunub.
AZƏRTAC xəbər verir ki, Milli Məclis iyunun 29-da “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında sazişi ratifikasiya edib.
Xatırladaq ki, mayın 30-da Bakıda SOCAR ilə Norveçin “Equinor” (əvvəlki “Statoil”) qrupunun bir hissəsi olan “Statoil Azərbaycan” şirkəti “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb. Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Equinor” qrupun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson imzalayıb.
“Qarabağ” yatağında kəşfiyyat qazması cari ildə planlaşdırılır. Hazırkı Risk Xidməti Sazişinə əsasən, yataqda platformanın quraşdırılması və ilk hasilat 2021-ci ildə nəzərdə tutulur. Layihənin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.
“Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.