QAN YADDAŞI


Qarabağ zəfəri bütün şəhidlərimizin haqq mübarizəsinin ədalətli yekunu oldu VİDEO

Pekin, 20 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Çində yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qanlı Yanvar hadisələrin tarixi köklərindən danışan səfir Əkrəm Zeynallı bildirib ki, keçmiş SSRİ rəhbərliyi azadlıq və suverenlik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının istəyini boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya hərbi birləşmələr yeridilməsinə, əliyalın xalqın gülləbaran edilməsinə əmr verib. Həmin qətllər zamanı uşaqlar, qadınlar, yaşlı insanlar daxil olmaqla, 147 mülki vətəndaş öldürülüb, təxminən 800 nəfər yaralanıb, bir o qədər sakin qanunsuz həbs edilib, itkin düşən bir neçə nəfərin taleyindən sisə hələ də xəbər yoxdur.

Qeyd olunub ki, 20 Yanvar faciəsi müasir tariximizdə ən qanlı günlərdən biri olmaqla yanaşı, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsidir. Sovet rəhbərliyinin azadlıq uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqını silah gücünə susdurmaq niyyəti insan tələfatı ilə nəticələnsə də, xalqımızın iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Vətəninin azadlığını və suverenliyini qoruyaraq şəhid olan Azərbaycan xalqının mərd övladları parlaq qəhrəmanlıq salnaməsi yaradıblar. 20 Yanvar hadisələri Azərbaycanın azadlıq və müstəqillik mübarizəsində həlledici rol oynadı və 1991-ci ilin oktyabrın 18-də Azərbaycan öz müstəqilliyini elan etdi.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, qanlı hadisələrlə bağlı həqiqətlərin dünyaya çatdırıb. O, 20 Yanvar hadisələrində xalqımıza qarşı törədilən qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlandı, hadisə öz hüquqi-siyasi qiymətini aldı.

20 Yanvar hadisələrinin builki anım mərasiminin əvvəlkilərdən fərqləndiyini vurğulayan səfir Ə.Zeynallı bildirib ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Qarabağı Ermənistanın işğalından azad etməsi 20 Yanvar hadisələrinin qurbanları da daxil olmaqla, bütün şəhidlərimizin haqq mübarizəsinin ədalətli yekunu oldu. Bu zəfər Azərbaycanın güclü liderə, qüdrətli orduya sahib olduğunu nümayiş etdirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizə olan münasibəti də xeyli dəyişdi.

Sonda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub. Tədbir iştirakçıları hadisələri əks etdirən fotosərgiyə baxıblar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.