CƏMİYYƏT


“Qarabağa dönüş” İctimai Birliyinin fəaliyyəti “Böyük qayıdış”a töhfəsini verəcək

Bakı, 30 aprel, AZƏRTAC

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin buraxılaraq, bundan sonra “Qarabağa dönüş” İctimai Birliyi kimi fəaliyyətini davam etdirməsi zəruri idi. Çünki artıq münaqişə və status məsələsi kimi, “Dağlıq Qarabağ” termini də tarixə qovuşub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Vətən müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Tam yeni reallıqda bu ictimai birlik öz fəaliyyətini Qarabağa dönüş istiqamətində quracaq. “Artıq yeni mərhələdə yeni prioritetlər formalaşıb. Bundan sonra həm Azərbaycan, həm də onun tərkib hissəsi olan Qarabağ yeni tarixi mərhələdə inkişaf edir. İcmanın yaydığı bəyanatda da qeyd olunur ki, bundan sonrakı fəaliyyət Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi və əzəli torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılmasına, Qarabağımızın dirçəldilməsinə yönəldiləcək”, - deyə deputat qeyd edib.

K.Nurullayevanın sözlərinə görə, “Qarabağa dönüş” adı ilə fəaliyyəti davam etdirmək, əslində, çox məsuliyyətli, həm də şərəfli bir missiyanın davamı deməkdir. Qeyd etməliyik ki, bu müddət ərzində icma torpaqlarımızın Ermənistan tərəfindən işğalı, 1 milyondan çox azərbaycanlının ata-baba yurdundan qovularaq etnik təmizləməyə və soyqırımına məruz qalması, ümumiyyətlə, mədəni və dini irsimizin sistematik şəkildə dağıdılmasının işıqlandırılmasında, Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv fəaliyyət aparıb. Hətta icma dəfələrlə vətəndaş cəmiyyətləri arasında dialoqun və etimad mühitinin formalaşması istiqamətində addımlar atıb.

Deputat təəssüflə bildirib ki, qarşı tərəf dialoq məsələsində də destruktivlik nümayiş etdirərək cəmiyyətlər arasında sağlam dialoqun formalaşmasna mane olub. “Hesab edirəm ki, bundan sonra da “Qarabağa dönüş” İctimai Birliyi yenə əsl həqiqətləri dünyaya çatdırmaq siyasətini davam etdirməlidir. Yəni, münaqişə bitsə də, bəzi reallıqları daim gündəmdə saxlamaq və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır ki, gələcəkdə bu istiqamətdə hər hansı təhlükə zəmini yaranmasın”, - deyən K.Nurullayevanın sözlərinə görə, “Qarabağa dönüş” İctimai Birliyi bu gün də bəyan edir ki, çoxmillətli və multikultural ölkəmizdə yaşayan bütün milli azlıqlar kimi ermənilər də Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar. Azərbaycan hər zaman məsələyə konstruktiv yanaşıb. Bu gün də biz bölgədə dayanıqlı sülh və təhlükəsizliyin bərpa olunmasında, cəmiyyətlər arasında sağlam münasibətlərin qurulmasında maraqlıyıq. “Qarabağa dönüş” İctimai Birliyinin fəaliyyəti “Böyük Qayıdış”a töhfəsini verəcək.

İctimai Birlik yaydığı son bəyanatında da bu müqəddəs missiyanı davam etdirmək niyyətində olduğunu açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.