SİYASƏT
“Qarabağa dönüş” təşkilatı Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx hazırlayıb VİDEO
Bakı, 26 iyun, AZƏRTAC
“Qarabağa dönüş” təşkilatı 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə bağlı iki dildə (Azərbaycan və ingilis) videoçarx hazırlayıb.
Təşkilatdan AZƏRTAC-a bildirilib ki, videoçarxda şanlı hərb tariximizə nəzər salınıb. Ordumuzun keçdiyi döyüş yollarından bəhs edilib.
“Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyevin təqdimatı ilə hazırlanan videoçarxda qeyd edilib ki, Vətənimizin müdafiəsi uğrunda xalqımızın hərbi qəhrəmanlığının qədim və zəngin tarixi var. Bu tarix eramızdan əvvəl IV əsrə gedib çıxır.
“Bugünkü şanlı Azərbaycan Ordusunun sələfi 1918-ci ildə əsası qoyulmuş Azərbaycan Silahlı Qüvvələridir. 103 il əvvəl ölkəmizin tərəqqipərvər qüvvələri Azərbaycanın İstiqlaliyyətini bəyan etdikdən sonra ordu quruculuğuna xüsusi diqqət yetirildi. Cümhuriyyətin elan edilməsinin ilk aylarında 600 nəfərdən ibarət olan Silahlı Qüvvələrimizin şəxsi heyətinin sayı 1920-ci ilin əvvəlində 40 min nəfərə çatırdı. 23 ay müstəqilliyini qoruyub saxlayan Azərbaycan Xalq Cümhuriyyətinin 21 döyüş generalı var idi. Təkcə bu fakt Azərbaycan hərb tarixinin dərin köklərə sahib olduğunun göstəricisidir”, - deyilən videoçarxda, həmçinin İkinci Dünya müharibəsi zamanı qəhrəman Azərbaycan döyüşçülərinin döyüş yoluna diqqət çəkilir və faşizm üzərində Qələbənin qazanılmasında soydaşlarımızın böyük əməyi olduğu vurğulanır.
Videoçarxda 30 il ərzində torpaqlarımızı işğalda saxlayan Ermənistan ordusunun ötən il 44 günlük Vətən müharibəsi zamanı şanlı Ordumuz tərəfindən darmadağın edildiyi xüsusi olaraq qeyd edilir.
“Müstəqillik tariximizdə xalqımızın ümummilli lideri Heydər Əliyev və onun siyasi davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğuna xüsusi diqqət yetirdi. Azərbaycan Ordusu dünyanın ən müasir orduları sırasında yer aldı. Məhz bu ordu sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşməndən təmizləndi. 6 il ərzində işğal edilən ərazilərimiz 44 gün ərzində azad olunmaqla hərb tariximizə daha bir şanlı səhifə əlavə olundu. İndi hər bir azərbaycanlı ordumuzla fəxr edir”, - deyə videoçarxda vurğulanır.