ELM VƏ TƏHSİL
Qarabağda aparılan tədqiqatların nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması maddi irsimizin təbliğində mühüm mərhələdir
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 28–dən 30-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşacaq tədbirdə Qarabağ ərazisində aparılan tədqiqatların tarixi, Qarabağ arxeoloji abidələrinin Azərbaycanın maddi irsi sistemində yeri və digər mövzularda məruzələr dinləniləcək. Eyni zamanda, erməni işğalı altında olan ərazilərdəki abidələrin hazırkı vəziyyəti və Aran Qarabağda son illərdə aparılan arxeoloji araşdırmaların ilkin nəticələri müzakirə ediləcək.
Konfransda dinlənilən 50-dən çox elmi məruzə Azərbaycanın və onun ayrılmaz hissəsi olan Qarabağın paleolit, neolit, xalkolit, tunc, dəmir, antik və orta əsrlər dövrlərini əhatə edəcək. Bölgədə aparılan son tədqiqatların bir qismi beynəlxalq xarakter daşıyır və onların nəticələrinin beynəlxalq elmi ictimaiyyətə çatdırılması zəngin maddi irsimizin təbliğində mühüm mərhələdir.
Tədbirdə Türkiyə, Rusiya, Ukrayna, İran İslam Respublikası, Almaniya və Avstraliyadan tanınmış arxeoloqlar da iştirak edəcəklər. Qonaqlar Qarabağ ərazisindəki arxeoloji abidə və artefaktların qonşu regionlardakı həmdövr analoqları barədə mövzulara toxunacaqlar.
Konfrans iştirakçılarının Bakı və onun ətrafındakı arxeoloji abidələrlə, həmçinin “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlığı da təşkil ediləcək.