ELM VƏ TƏHSİL


Qarabağda dağıdılmış İslam dini memorial kompleksləri

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycanın orta əsrlər dövrü fəlsəfə tarixinin az öyrənilməsinin elmi problemlərindən biri də İslam dininin ictimai fikir tariximizdə yeri məsələsidir. Epiqraf alim Məşədixanım Nemətova qeyd edir ki, İslam dinindəki təriqət və cərəyanlar, dini və siyasi şəxsiyyətlər, İslamın cəmiyyətdəki sosial-siyasi rolu barəsində yığcam, lakin dəqiq və bəzən də ən orijinal məlumatlar kitabələrdə əksini tapıb. Karvan ticarət yolları üzərində inşa edilmiş sosial-dini mərkəzlər həm də bir mədəniyyət ocağı kimi qonşu ölkələrin diqqətini cəlb etməklə, eyni zamanda, mədəni əlaqələrdə mühüm rol oynayıb. Bu baxımdan Qarabağ ərazisində mövcud olmuş İslam mədəniyyəti abidələri xüsusi əhəmiyyəti ilə seçilib. XX əsrin 60-70-ci illərində professor M.Nemətova tərəfindən tədqiqata cəlb edilmiş bu dini-memorial komplekslərdə böyük İslam alimlərinin, dövrün tanınmış din və ictimai xadimlərinin, memar xəttatların adları çəkilmişdi.

Avropanın Şərq qapısı olan Anadolunu Çinə qədər birləşdirən Böyük İpək yolu Azərbaycan ərazisi ilə Araz boyunca Qubadlı, Füzuli, Zəngilan, Cəbrayıl rayonları və Zəngəzur mahalından keçirdi. Bütün bu tarixi bölgədə vaxtilə orta əsrlərdə tikilmiş türbələr, məscidlər, xanəgahlar sosial-mədəni-ideoloji mərkəz olmaqla bərabər, xalqın inam, etiqad yerinə çevrilib və əsrlərboyu dövlətçilik tariximizdə iştirak edib. Atabəy Eldənizlər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və xanlıqlar dövrünün dini-ideoloji mərkəzləri hesab olunan bu məkanların tarixinin araşdırılması ilə bölgənin bir çox elmi problemlərinin həllinə aydınlıq gətirilmişdi. Qarabağdakı türbə və məscidlər, Şuşa şəhərindəki məscid kompleksləri tarixi məkanlar olmaqla orta əsrlər fikir tariximizin daha dərindən araşdırılması baxımından mükəmməl abidələr hesab olunur.

Bu fikirlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin “Qarabağda dağıdılmış İslam dini memorial kompleksləri” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Zəngilan rayonunun Məmmədbəyli kəndindəki “əl-Hacı Yəhya ibn Məhəmməd” türbəsi İpək yolu üzərində yerləşən abidələrdən biridir. Türbənin çatma tağlı qapısının üzərindəki 1,40x0,80 metr ölçülü kitabəsində 1305-ci miladi ili dəqiq göstərilməklə onun Azərbaycan memarlıq tarixindəki əhəmiyyəti aydın izlənilir. Əlbəttə ki, İpək Yolu üzərində, Həkəri çayı boyunca yerləşən bu abidələr xüsusi memarlıq məktəblərinin mövcudluğunu ortaya çıxarıb. Tikinti-memarlıq formasına görə türbə və digər tikililərə əsasən Həkəri çayı hövzəsinin abidələrini XIII-XIV əsrin əvvəllərinə aid etmək olur. Türbə üzərindəki altısətirlik, ərəbdilli, süls elementli nəsx xətti ilə yazılmış kitabədə Quran ayələri həkk olunub. Daha sonra yazılıb: “Allahın rəhməti yaxşı işlər görənlərə yaxındır. Mən bu imarətin sahibi Məhəmməd əl Hacın oğlu. Uca Allahın rəhmətinə ehtiyacı olan zəif qul, miskin Yəhyayam. Əli Məcdəddinin əlləri ilə mübarək Ramazan ayı yeddi yüz dördüncü il” (Hicri 704/miladi 1305/1306). Əl Hacı bənzətməsi yüksək nüfuz sahibi olan dövlət xadiminə verilirdi (M.Nemətova). Deməli, türbədə dəfn olunan Yəhyanın atası Məhəmməd dövlətdə tanınmış şəxsiyyət olub və Məmmədbəyli kəndi də adını oradan götürüb. Burada adı çəkilən ustanın da xalq arasında mövqeyi yüksək olub. Belə ki, Həkəri və Araz çayları boyunca tikilmiş karvansaralar, xanəgahlar, körpülər və digər memarlıq strukturlarının əksəriyyətinin inşası memar, usta Əli Məcdəddinin adı ilə bağlı idi.

Cəbrayıl rayonunda, Diridağ yaylasında, xalq arasında “Mazan nənə” adı ilə tanınan pir türbə orta əsr qəbiristanlığında yerləşir. Bu qəbiristanlıqdakı türbənin ətrafında müxtəlif təsvirli qəbir daşları var. Epiqrafik məlumatlara əsasən bu qəbirlər XIV-XVI əsrlərə aid edilir. Qəbirlərdən birinin üzərində ərəb dilində yalnız tarixi qalmışdır: “Altı yüz iyirminci il” (hicri 620/miladi 1223-cü il). Rayonun Şıxlar kəndindəki “Şıxbaba” türbəsinin ətrafında İslam dininin tanınmış din xadimlərinin, şeyxzadələrin - Şeyx Əbdül salamın oğlu Şeyx Qiyasəddinin, Şeyx Cəbrayılın oğlu Əbdül Rəhmanın, Əmir Adilin XIV əsrə aid məzar daşları var.

Qubadlı rayonunun Dəmirçilər kəndində tikilmiş səkkizguşəli iki hündür özülün üstündə qurulmuş türbə də maraq doğurur. Bu, ərazidəki türbələr qrupunun əsasən Araz və Həkəri çayları vadisi boyunca yerləşdiyini göstərir. Türbənin daxilindəki ərəbdilli, nəsx xətli kitabədə deyilir: “Allah şahidlik etmiş, Ondan başqa tanrı yoxdur. Mələklər və insaflı elm sahibləri şahidlik etmişlər ki, Ondan başqa tanrı yoxdur. Güclüdür, müdrikdir. O Allahın mərtəbəsində din şübhəsiz ki, İslamdır” (M.Nemətova). Türbənin üzərində inşa edilmə tarixi yazılmasa da tikinti texnikasına və üslubuna görə memarlar onu XIII-XIV əsrlərə aid edirlər.

Məlum olduğu kimi, Ağdamdakı “İmarət” qəbiristanlığında mövcud olmuş xan nəslinə məxsus türbələrin bir qisminin kitabələri müharibədən öncə arxiv və muzey fondlarına gətirilib. I Qarabağ müharibəsindən sonra isə qəbiristanlıqda qalan türbələr və məzar daşları da erməni vandalları tərəfindən ciddi dağıntılara məruz qalıb. Həmin abidələrin çoxu günümüzə kimi qalmasa da, əlimizdə kifayət qədər faktiki material var. Bu gün Azərbaycan Milli Arxivindəki müsəlman dini abidələri fondunda vaxtilə Ağdamdan İbrahimxəlil xan və onun övladlarının məzarlarına aid götürülmüş kitabələrin surəti saxlanılır. Eyni zamanda, Milli Azərbaycan Tarixi Muzeyində Pənahəli xana aid məzar daşı, İbrahimxəlil xan və onun övladlarının Ağdamdakı qəbir abidələrinin epitafiyaları, İbrahimxəlil xanın türbəsinin kitabəsi saxlanılır və M.Nemətova tərəfindən oxunub. Qəbirlərdən birində ərəbdilli kitabədə yazılıb: “Bu qəbir rəhmətlik, bağışlanmış İbrahimxəlil Cavanşir Sarıcalınındır. 1154” (1711/1712-ci il miladi). İkinci qəbrin kitabəsi belədir: “İbrahimxəlil oğlu Mehdiqulunundur. Yer üzündə nə varsa hamısı fanidir”. Üçüncü məzar Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvana məxsusdur. Onun məzar daşında yazılıb: “O, Allah canlıdır. Ölməzdir. Bu qəbir rəhmətlik, günahları bağışlanmış, alim (ağıllı) Xurşidbanunundur. Xan qızı hörmətli Xurşid xanım dövranın uca ulduzu, yadigarı idi. Candan doydu, ürəyi dağlı getdi. Onun yeri ilahələr cənnətidir. Rəbiül sani 1314. Bütün yaranmışlar ölümü dadacaqdır” (miladi 1896/1897).

Şuşa şəhərindəki iki məscidin kitabəsində memar Kərbəlayi Səfi xan Qarabağlının adı çəkilib. Onun adına Füzuli rayonu mərkəzində mövcud olmuş məscidin (yəqin ki, tam dağıdılıb - A.A.), Bərdə, Ağdam və bir çox məscidlərdəki kitabələrdə rast gəlinir. Kərbəlayi Səfi xanın adı ilə Odessada “Tatar məscidi” və Aşqabadda “Qarabağlar məscidi” inşa edilmişdi ki, məhz bu abidələr XIX əsrin ikinci yarısına aid olunur.

Laçın rayonunun Cicimli kəndindəki son orta əsr məscidinin üzərindəki düzbucaqlı plana malik kitabədə deyilir: “1205. Molla Fəzlullahın oğlu Molla Əhməd tikdirdi” (1790-1791-ci il miladi).

Füzuli rayonunun Qarğabazar kəndindəki yüksək qaya üzərində XVII əsrə aid “Qiyasəddin məscidi” var ki, yerli əhali buranı “Şah Abbas məscidi” adlandırır. 6,25x7,60 metr ölçülü, düzbucaqlı plana malik olan məscidin tavanı üzərindəki iki sətirlik ərəbdilli, nəsx xətli kitabədə yazılıb: “Ya Allah, Ya Məhəmməd, Ya Əli! Bu məscidi Hacı Qiyasəddin inşa etdirdi. Üzünü Uca Allaha tutmaq üçün. Uca Allahın rəhmətinə ümid edən. 1095”. (miladi 1683/1684-cü il). Məscidin sağ tərəfində, yüksək hissədə yazılıb: “Ey qapıları açan!”.

Rayonun Horadiz kəndindəki bir məscid üzərində də iki sətirlik kitabə var. Birinci kitabədə “Hacı Molla Abdulla. 1318 hicri” (miladi 1900-cü il), ikinci kitabədə “İlahi! Biz möminləri, inananları hər halda qiyamət günündə bağışla” yazılıb.

Qubadlı rayonunun Dondarlı kəndindəki məscid qapısının üzərindəki süls elementli, ərəb dilli kitabədə yazılıb: “Onun sahibi Dondarlı Şücaətdir. Allahdan başqa tanrı yoxdur, Məhəmməd Allahın elçisidir”.

Cəbrayıl rayonu ərazisindəki “Hacı Qaraman məscidi” də orta əsr ibadət tikilisi kimi tanınır. Məscid qapısı üzərindəki çatma tağlı kitabədə yazılıb: “Məscidlər Allah üçündür, ona görə Allahla birgə kimsəni çağırmayın. Mərhum, bağışlanmış Hacı Qaraman Əhmədin oğlu həqir, fəqir Məhəmməd bina etdirmişdir. Uca Allah! Ya Məhəmməd! Ya Əli! Müvəffəqiyyətli olsun! 1088” (miladi 1677/1678-ci il). Yenə orada həkk edilib:

“Ölüm elə bir kasadır ki, hamı ondan içməlidir,

Qəbir elə bir qapıdır ki, hamı ondan keçməlidir” (M.Nemətova).

Bütün bu qeyd olunanlar Qarabağ ərazisində vaxtilə müsəlman intibahı dövründə yaradılmış tarixi məkanlardır. Bu abidələrin varlığı məhz orta əsr Azərbaycanının geniş bir coğrafi arealda mövcudluğunu, onun Cənubi Qafqazda mühüm elmi, dini mərkəz rolu oynadığını üzə çıxarır. İşğaldan azad olunmuş ərazilərimizdə, şübhəsiz ki, haqqında bəhs etdiyimiz İslam dövrü abidələrinin böyük əksəriyyətinin salamat qalması ehtimalı çox azdır. Erməni vandalları tərəfindən bu abidələr məhv edilib, kitabələri silinib və onların təyinatı dəyişdirilib. Müsbət məqam ondan ibarətdir ki, bu tarixi abidələrin çoxunun araşdırılması hələ XX əsrin ortalarında aparılıb və bu gün çap olunmuş elmi əsərlərdə və arxivlərdə kitabələrin surəti saxlanılmaqdadır. Yaxın gələcəkdə bölgənin yenidənqurma işləri çərçivəsində abidələrin bərpası işləri aparılacaq ki, məhz dağıdılmış məscidlər, türbələr, dini-memorial komplekslər bərpa edilərkən və yaxud yerində yenisi inşa olunan zaman onların tarixdə mövcud olmuş forma və tikinti üslubu, abidələrin üzərindəki epiqrafik kitabələrin surətlərinin yenidən yaradılması məqsədəuyğundur. Bu zaman kitabələrin yenidən həkk edilməsində arxivlərdəki materiallardan geniş istifadə oluna bilər. Onlardan istifadə etməklə həm dövrün tarixini canlandırmaqla mədəni irsimizi qoruyuruq, həm də gələcək nəsillər üçün yeni bir tarixin başlanğıcını qoymuş hesab edilirik.

Qarabağın bu abidələri İslam dininin Azərbaycan xalqının mədəniyyətində və tarixində mühüm rolunu göstərməklə onun hərtərəfli öyrənilməsinin bu günün vacib məsələlərindən biri olduğunu göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.