ELM VƏ TƏHSİL


Qarabağda hidroloji stansiyaların qurulması işlərinə başlanılıb

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilən Qarabağ regionunun son 30 il ərzində hidrometeoroloji məntəqələrində müşahidələr dayandırılıb və infrastruktur tamamilə sıradan çıxarılıb. Tezliklə bu müşahidələrin müasir avtomat müşahidə sistemlərinin tətbiqi ilə bərpası planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu çərçivəsində keçirilən “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı paneldə çıxışında deyib.

Nazir bildirib ki, artıq 11 avtomat hidroloji stansiyanın qurulması işlərinə başlanılıb. Hidrometeoroloji təhlükəsizliyi təmin etmək məqsədilə radar müşahidə sistemlərinin qurulması da təmin olunacaq. Həmçinin kompleks meteoroloji müşahidələrin bərpası üçün xüsusi cihaz və avadanlıqla təchiz olunmuş mobil stansiya məntəqələri qurulacaq. Həmin ərazilərdə radioloji və radioekoloji şəraitin öyrənilməsi məqsədilə aidiyyəti qurumlarla birlikdə monitorinqlər aparılır.

Nazir deyib: “İqlim prosesləri sərhəd tanımır. Heç bir ölkə təkbaşına, region ölkələri ilə əməkdaşlıq etmədən bu çağırışların öhdəsindən gələ bilməz. İqlim hadisələrinin daha tez müəyyən edilməsi, risklərin əvvəlcədən qiymətləndirilməsi qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradır.

Bu baxımdan region ölkələri ilə informasiya mübadiləsinin daha səmərəli aparılması və təhlükəli hadisələrə qarşı adekvat tədbirlərin seçilməsində ölkələrin dayanıqlığını təmin etmək üçün “Erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində regional əməkdaşlıq platformasının yaradılması” tərəfimizdən nəzərdən keçirilir.

Bununla yanaşı, effektiv transsərhəd su idarəçiliyinin təmin edilməsi, region ölkələri arasında iqtisadi və ekoloji faydanın əldə edilməsi baxımdan su resurslarının davamlı idarə edilməsi məqsədilə regional əməkdaşlıq platformasının yaradılması maraq doğurur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.