REGİONLAR


Qarabağda su ehtiyatlarının bərpası 100 min hektardan çox sahənin suvarılmasını yaxşılaşdıracaq AÇIQLAMA VİDEO

Saatlı, 2 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

İşğaldan azad olunmuş Qarabağ iqtisadi zonasında meliorasiya və su təsərrüfatı sahəsi üzrə tədbirlərin icrasına başlanılıb. İşlərin gerçəkləşməsi üçün müqavilələr bağlanılıb və təmir-bərpa işləri görülür.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağda görülən işlər barədə məlumat verib. Bildirib ki, əsas su anbarları Sərsəng və Suqovuşandır. Bu su anbarlarından magistral kanallar ayrılır. Həmin su anbarlarında bəndin və kanalların bərpası işlərinə başlanılıb. Bu işlərin gələn ilin oktyabrında yekunlaşdırılması nəzərdə tutulur.

“Bu su anbarı kompleksinin altında 96 min hektara yaxın suvarılan sahələr mövcuddur ki, bunlar da bir neçə rayonun ərazisində yerləşir. Ağdam rayonu ərazisində yerləşən və su tutumu 23 milyon kubmetr olan Xaçınçay su anbarının altında isə 7 min hektar suvarılan torpaq mövcuddur və su anbarından 7 kilometr uzunluqda magistral kanal vasitəsilə suyun ötürülməsi həyata keçirilir. Xaçınçay su anbarı ətrafında minatəmizləmə işləri həyata keçirilib, texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri tam yekunlaşıb və müsabiqənin qalibi elan olunaraq tikinti-bərpa işlərinə başlanılıb”, - deyə o bildirib.

Suqovuşan və Xaçınçayda bərpa işlərinin də 2023-cü ilin oktyabr ayında yekunlaşması planlaşdırılır.

Rafiq Aslanov deyib ki, Füzuli rayonu ərazisində isə Köndələn çayı üzərində yerləşən 3 su anbarı mövcuddur. Onların da ümumilikdə 16,1 milyon kubmetr su tutumu var və su anbarları altında 6200 hektar suvarılan sahələr mövcuddur. Bu anbarlarda da texniki-iqtisadi əsaslandırma, layihə-smeta sənədləri hazırlanıb və işlərə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.