MƏDƏNİYYƏT
“Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsinə yekun vurulub
Bakı, 25 noyabr, Flora Şükürova, AZƏRTAC
Noyabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsinin yekun tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşan layihə “Azərbaycan xalçaçıları” İctimai Birliyi tərəfindən həyata keçirilib. Tədbirdə ictimai birliyin sədri Röya Tağıyeva çıxış edərək layihə haqqında məlumat verib.
Vurğulanıb ki, layihənin məqsədi Qarabağ xalçaçılıq məktəbinin müasir durumunu öyrənmək, onun iqtisadi potensialını araşdırmaq, sənətə maraq və sənətkarların peşəkarlıq səviyyəsini tədqiq etmək, məktəbli və gənclər arasında sənətə marağı təşviq etməkdən ibarətdir. Layihə çərçivəsində Cəbrayıl, Füzuli, Ağdam, Tərtər rayonlarında yaşayan, həmçinin Bakı şəhərində məskunlaşmış 10 mindən artıq Qarabağ sakini maarifləndirilib.
Sözügedən rayonlarda keçirilmiş görüşlər, sorğular əsasında aparılmış araşdırmalar və təşkil olunmuş təlimlər nəticəsində müasir durum qiymətləndirilərək əlaqədar təşkilatlara müvafiq tövsiyə məktubları göndərilib. Nəticələr və təkliflər layihənin yekunlarına həsr olunmuş kitabçada öz əksini tapmışdır.
Qarabağ xalçaçılıq məktəbi haqqında məlumat verən R. Tağıyeva qeyd edib ki, layihə çərçivəsində “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı. Mövcud vəziyyət. Təkliflər. Tövsiyələr” adlı kitabçası da nəşr edilib. 80 sorğu vərəqi əsasında tərtib olunmuş onlayn məlumat bankı isə bu gün Qarabağ xalçaçılıq məktəbinin aparıcı qüvvəsi olan xalçaçı, toxucu və boyaqçılarla ünsiyyət qurmağa, onlarla yaxından tanış olmağa imkan verir.
Tədbir xalçaçılığa aid maraq doğuran sualların müzakirəsi ilə davam edib.