Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinin onlara təklif etdiyi şansı dəyərləndirməlidir
AzerTAg.az

Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan dövləti Cənubi Qafqazda sülhün, əmin-amanlığın, xalqlar arasında mehriban qonşuluq münasibətlərinin yaranmasına hər zaman sadiqlik nümayiş etdirib.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva söyləyib.
Deputat qeyd edib ki, Vətən müharibəsindən əvvəl Prezident İlham Əliyev bölgədə sülhün bərqərar olması üçün Azərbaycan Respublikası ərazisində Qarabağa yüksək statuslu mədəni muxtariyyət verilməsinə razı olması barədə dünya ictimaiyyətinə dəfələrlə bəyan edib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi dövlətimizin başçısının təklif etdiyi bu şansdan yararlanmaq əvəzinə ölkəmizə qarşı təxribat xarakterli bəyanatlar səsləndirməyə başlayıblar. Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır nöqtə" deməsi sülh danışıqlarının iflasına səbəb oldu. Azərbaycan Prezidenti bundan sonra münaqişənin yeganə həll yolunun müharibə olduğunu vurğuladı.
“Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günə torpaqlarımızı işğaldan azad etdi. Ermənistan rəhbərliyi üçtərəfli Bəyanatda kapitulyasiya aktına imza atmaqla Azərbaycan dövlətinin bütün şərtlərini qəbul etdiyini bildirdi. Azərbaycan dövləti qalib ölkə olaraq bir daha humanistlik göstərərək Ermənistana sülh sazişi bağlamağı təklif etdi. Ermənistan dövləti isə Azərbaycanın sülh təklifini pozmaq üçün Qarabağda təxribatlar törətməyə davam etdi. Dövlətimizin başçısı bir daha humanistlik göstərərək bölgədə xalqların bir yerdə sülh şəraitində yaşamaları üçün Qarabağda yaşayan erməni əsilli azərbaycanlılarla dialoq qurmağa hazır olduğunu bəyan etdi. Bu məqsədlə cari ilin mart ayının 1-də Xocalı şəhərində ermənilərlə görüş təşkil edildi və onların Azərbaycan cəmiyyətinə inteqrasiya olunması, Azərbaycanda təhlükəsiz şəraitdə yaşamaları, eləcə də Azərbaycan qanunları çərçivəsində onlara hər cür şərait yaradılacağı barədə zəmanət veriləcəyi haqqında məlumat verildi”, - deyə K.Əliyeva diqqətə çatdırıb.
O bildirib ki, bu görüşün davamı olaraq növbəti görüşün Bakıda keçirilməsi üçün Prezident Administrasiyası Qarabağdakı ermənilərə təklif göndərib. Əfsuslar olsun, ermənilər bu günə kimi bu təklifə cavab vermirlər. Separatçılar Qarabağda yeni təxribatlar törətməyə səy göstərirlər. Ermənistandan gizli yollarla Qarabağa silah sursat, canlı qüvvə gətirirlər.
Bu işdə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin də ermənilərə yardım göstərdiyini diqqətə çatdıran K.Əliyeva deyib: “Bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu Ermənistandan silah daşınan gizli yollara nəzarəti ələ keçirdi. Bu, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə tamamilə uyğun və ərazilərində öz suverenliyinin bərpasına yönəlmiş bir addımdır. Ermənistan Azərbaycan dövlətinin sülhün bərpasına yönəlmiş reallığı qəbul etməlidir. Qarabağda yaşayan ermənilər də Azərbaycan dövlətinin onlara təklif etdiyi sülh naminə dialoqu dəyərləndirməli və onlara verilmiş bu şansı qiymətləndirməli, eləcə də Azərbaycan dövlətinin qanunlarına uyğun davranmalıdılar.
“Əgər Qarabağda yaşayan ermənilər onlara verilmiş bu son şansı da dəyərləndirməsələr, Azərbaycan dövləti beynəlxalq hüququn prinsiplərinə uyğun müvafiq tədbirlər həyata keçirməyə məcburdur”, - deyə Kamilə Əliyeva vurğulayıb.
Xəbərin mətnində orfoqrafik səhv var