REGİONLAR


“Qarabağın Leylatəpə fenomeni” layihəsi çərçivəsində arxeoloji tədqiqatlar davam etdirilir

Ağcabədi, 28 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu arasında bağlanılmış müqaviləyə əsasən “Qarabağ düzənliyinin arxeoloji tədqiqi” layihəsi çərçivəsində 2022-ci ilin iyun ayından etibarən bölgədə genişmiqyaslı arxeoloji tədqiqatlara başlanılıb. Layihənin əsas məqsədi Qarabağ düzənliyində yerləşən və eramızdan əvvəl VI-IV minilliklərə aid yaşayış məskənlərinin müxtəlif elm sahələrinin tətbiqi ilə arxeoloji tədqiqidir.

Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Xəqani Alməmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ilkin mərhələdə əsas diqqət eramızdan əvvəl IV minilliyə aid Leylatəpə fenomeninə məxsus yaşayış məskənlərinin öyrənilməsinə yönəlib. Başlanğıc olaraq Qarabağ düzənliyində yerləşən Leylatəpə fenomeninə aid 13 abidəyə baxış keçirilib, Canavartəpə, 2 saylı Sarıcalı, Leylatəpə və Fərmantəpə yaşayış məskənlərində arxeoloji tədqiqatların aparılması qərarlaşdırılıb. İlkin olaraq bütün abidələrdə topoqrafik ölçmə işləri aparılıb, dron çəkilişləri əsasında 3D modelləri yaradılıb.

Canavartəpə yaşayış məskənində (Ağcabədi rayonu Taynaq kəndi) aparılan arxeoloji qazıntılar zamanı üç qazma tipli və bir möhrədən inşa edilmiş tikili qalığı, dövrün mədəni-iqtisadi və təsərrüfat həyatını özündə əks etdirən yüzlərlə maddi-mədəniyyət nümunəsi aşkar edilib. Hazırda bu abidədə tədqiqatlar davam etdirilir.

2 saylı Sarıcalı yaşayış yerinin (Ağcabədi rayonu Sarıcalı kəndi) səthi uzun illər ərzində burada aparılan tikinti, təsərrüfat işləri nəticəsində aşındığından onun hündürlüyü 1 metrdən çox deyil və dağılmış vəziyyətdədir. Abidədə arxeoloji qazıntı işləri üç sahədə aparılıb və məlum olub ki, burada mədəni təbəqə yatımının əsas hissəsi dağıntılar səbəbindən artıq məhv olub, qalmış təxminən 30-40 santimetrlik hissədə isə hər hansı tikinti qalığına rast gəlinməyib, az sayda saxsı qab fraqmentlərinə təsadüf edilib. Abidədə qazıntı işləri başa çatdırılıb və qazılmış sahələr yenidən doldurulub.

Aparılan arxeoloji tədqiqat işlərinin əsas vəzifələrindən biri olaraq bu etnik-mədəni fenomenin eponim abidəsi olan Leylatəpə yaşayış məskənində (Ağdam rayonu Eyvazlı kəndi) arxeoloji qazıntılar 32 ildən sonra bərpa edilib. İlkin olaraq abidənin şimal hissəsində iki sahədə (A1, A2) qazıntı kvadratları müəyyənləşdirilib və qazıntılara başlanılıb. Hazırda burada beş sahədə (A1, A2, İN-A, İN-L və T.A) qazıntılar davam etdirilir.

“Qarabağın Leylatəpə fenomeni” layihəsi çərçivəsində aparılan arxeoloji tədqiqatlar coğrafi və ekoloji kontekstdə yaşayış məskənlərinin öyrənilməsini təmin edərək, nəticədə Leylatəpə tipli yaşayış məskənlərinin maddi mədəniyyətinin ətraflı təsvirini verəcək. Leylatəpə fenomeninə aid təsərrüfat komplekslərinin tədqiqatları heç vaxt aparılmamış və Leylatəpə maddi-mədəniyyətinin antropoloji baxımdan nəyi təmsil etdiyi hələ də mübahisəlidir. Təklif olunan tədqiqat geniş baxış bucağına əsaslanaraq maddi mədəniyyətin ətraflı təhlilini əhatə edən inteqrativ yanaşmadan istifadə etməklə bu problemi həll etmək məqsədi daşıyır.

Tədqiqat yüksəkkeyfiyyətli təsvirlər, fotoşəkillər, şifahi təsvirlər və analitik məlumatlar daxil olmaqla, Leylatəpə maddi mədəniyyətinə dair əsas məlumat və nəşrləri təmin edərək, Leylatəpə dulusçuluğu, iqtisadiyyatı, yemək vərdişləri və əlavə aspektlər üzrə kritik bilik boşluğunu doldurmağa kömək edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.