İQTİSADİYYAT


Qarabağın bərpası və yenidən qurulması prosesində iş adamlarının iştirakına dair müzakirələr aparılıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) iştirakı ilə Vətən müharibəsindəki Qələbəmizə həsr olunmuş işgüzar nahar təşkil edilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, qazilərin və biznes dairələrin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə Qarabağın bərpası və yenidən qurulması prosesində iş adamlarının iştirakına və orada yaradılacaq iş imkanlarına dair fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Qarabağ regionunun yenidən qurulması, eləcə də biznes potensialının reallaşdırılması istiqamətində aparılan işlərə özəl sektorun cəlb edilməsi əhəmiyyətlidir. Vurğulanıb ki, özəl sektorun prosesdə iştirakı dövlət investisiya xərclərinin azaldılması, habelə alternativ və şaxələndirilmiş maliyyələşmə mexanizmləri vasitəsilə yerli və xarici sərmayələrin cəlb edilməsi baxımından faydalı ola bilər. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək bərpa və yenidənqurma işlərində özəl sektorun innovativ texnoloji yanaşmasının və effektiv idarəetmə təcrübəsinin tətbiqi, həyata keçiriləcək iş və xidmətlərin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. KOBİA Azərbaycan dövlətinin Qarabağa dair inkişaf konsepsiyasına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşu və biznes layihələrinin reallaşdırılması ilə bağlı məsələləri qarşıdakı dövrdə strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərindən birinə çevirib. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini KOBİA-ya təqdim edir. Bu layihələr ticarət, xidmət, inşaat, sənaye, kənd təsərrüfatı, təhsil və sair sahələri əhatə edir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət KOB subyektlərinə bir sıra imtiyazlar verməklə yanaşı, həm də bölgənin iqtisadi potensialının reallaşdırılması istiqamətində mühüm biznes layihələrin icrasına şərait yaradacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.