ELM VƏ TƏHSİL
“Qarabağın etnik məskunlaşma tarixi və toponimləri” kitabı çap olunub

Bakı, 31 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Qarabağın etnik məskunlaşma tarixi və toponimləri” adlı yeni nəşri işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əsər 2005-ci ildə mərhum müəlliflər, toponimika sahəsində Azərbaycanın aparıcı mütəxəssisləri olan akademik Budaq Budaqov və tarix elmləri doktoru Qiyasəddin Qeybullayev tərəfindən hazırlansa da, müəyyən səbəblərdən çap edilməmişdi. Kitabda da qeyd edildiyi kimi, “əsərin yazılması prosesində Q.Qeybullayevin qoyub getdiyi ədəbiyyat siyahısı tam deyil”. Kitabda istifadə olunan ədəbiyyat siyahısını coğrafiya elmləri doktoru Zakir Eminov tamamlayıb.
Monoqrafiyanın baş redaktoru institutun baş direktoru Zakir Eminov, elmi redaktoru coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasovadır. “Yuxarı Qarabağın etnik və siyasi tarixinə dair” adlanan I hissə eramızdan əvvəl və sonra Yuxarı Qarabağda məskunlaşan türk tayfaları, Qarabağın alban ərazisi olduğunu göstərən faktlar, qədim erməni dilində türk mənşəli sözlər və Ermənilərin Yuxarı Qarabağda məskunlaşmasından bəhs edən 7 fəsildən, II hissə isə Qarabağın izahlı toponimiya lüğətindən ibarətdir.
Əsərdə Azərbaycanın tarixi-coğrafi cəhətdən ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi-etnik məskunlaşması və toponimikası məsələləri öyrənilir. Kitabda uzun tarixi dövrlərdə Qarabağda baş verən etnik proseslər, məskunlaşma və miqrasiya məsələləri işıqlandırılır.
Kitab toponimika, əhali coğrafiyası, demoqrafiya, tarixi coğrafiya ilə məşğul olan elmi işçilər, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.