ELM VƏ TƏHSİL
Qarabağın memarlıq irsi və onun mühafizəsi mövzusunda məruzə dinlənilib
Bakı, 27 sentyabr, AZƏRTAC
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Tədbiri açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanlarımızın xatirəsinə ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-nin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız birlik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endiriblər. Məhz güclü dövlət siyasəti, xalqın birliyi və hərbçilərimizin qəhrəmanlığı sayəsində Qarabağ torpaqları qısa zaman kəsiyində düşmən tapdağından azad olundu.
Tədbirdə institutun Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyevanın “Qarabağın memarlıq irsi və onun mühafizəsi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə müxtəlif mədəni sərvətlərə malik olan Qarabağın irsi və onun tarixi inkişafını səciyyələndirən mərhələlər haqqında məlumat verilib. Rahibə Əliyeva qeyd edib ki, bu gün diqqət xüsusilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə yönəlib. Artıq qədim Şuşanın mühafizə zonası müəyyən edilib və tarixi hissəsi qorunub saxlanmaqla baş planı təsdiq olunub.
Daha sonra Teatr, kino və televiziya şöbəsinin böyük elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva “Azərbaycan səhnəsində Qarabağ mövzusu” məruzəsini tədbir iştirakçılarına təqdim edib. O, Zəfər Günündən sonra səhnələşdirilən tamaşalardan, həmçinin Anım Gününə həsr edilən tamaşa və festivallardan danışıb.