SİYASƏT


Qarabağın tacı olan Şuşa bu gün Cənubi Qafqazın döyünən ürəyidir

İşğaldan azad edilmiş qədim Şuşa ilyarım ərzində bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib

Bakı, 20 may, Hikmət Əhmədov, AZƏRTAC

Azərbaycanın qədim şəhəri Şuşa 28 illik erməni əsarətindən 44 gün davam edən şanlı Vətən müharibəsi nəticəsində azad edildi. Qədim diyarımız Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu ümummilli lider Heydər Əliyev belə ifadə etmişdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.

Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə rəşadətli Azərbaycan Ordusunun qanı, canı bahasına işğaldan azad edildi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın işğaldan azad edilməsi müjdəsini verərkən öz hisslərini belə ifadə edib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Müharibə zamanı Prezident İlham Əliyevin “Şuşasız bizim işimiz yarımçıq olar” deməsi Şuşanın mənəvi dəyərindən əlavə, onun strateji əhəmiyyətindən xəbər verirdi. Eyni zamanda, Şuşa Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtıdır. Otuz ilə yaxın işğal altında qalmış Şuşanın tarixi görkəmi bərpa olunmaqla yanaşı, onun mədəniyyət paytaxtı funksiyası özünə qayıdır. Azad olunmasından qısa müddət keçməsinə baxmayaraq, bu gün qədimiliyi və müasirliyi özündə əks etdirən tarixi şəhərimizdə təşkil olunan beynəlxalq və yerli əhəmiyyətli tədbirlər Şuşanın Azərbaycanın ictimai-siyasi həyatına qayıtdığının bariz göstəricisidir.

Bu gün Cənubi Qafqazın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa özündə 270 illik bir yaranış tarixinin kübar mədəniyyətini və bu mədəniyyətin daşıyıcısı olan Azərbaycan xalqının adət və ənənələrini yaşadır. Erməni əsarətindən qurtarılan Şuşada keçirilən 100-dən çox tədbir, xüsusilə 20-dən çox mədəniyyət tədbiri bu torpağın və bu şəhərin əzəldən türk mədəniyyətinə, irsinə mənsubluğunun əyani təsdiqidir. Cənubi Qafqazın heç bir şəhərində, hətta paytaxt şəhərlərdə belə, qısa müddət ərzində bu qədər beynəlxalq tədbir keçirilməyib.

Şuşa şəhəri işğaldan azad edildikdən sonra 2021-ci il mayın 12-də ilk dəfə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı açıldı. Vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə məhz Xarıbülbülün vətənindən başlayan və gözəl bir mədəniyyət ənənəsinə çevrilən “Xarıbülbül” festivalının bərpası və davam etdirilməsi təşəbbüsü isə Prezident İlham Əliyevin Şuşanın tarixinə, onun ənənələrinə verdiyi dəyərin parlaq ifadəsi kimi qiymətləndirilə bilər.

İlyarım əvvəl işğaldan azad edilmiş Şuşada aparılan bərpa-quruculuq işləri ilə yanaşı, onu mədəniyyət paytaxtı kimi yaşadan bu cür möhtəşəm tədbirlər şəhərin Azərbaycana aid olduğunu bütün dünyaya nümayiş etdirir.

Şuşada keçirilən bir-birindən rəngarəng tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənilir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Birinci Beynəlxalq Kulinariya Festivalı, Azərbaycan–BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı, Dünya Azərbaycanlılarının V Qurultayı və digər beynəlxalq əhəmiyyətli tədbirlər bu qəbildəndir. Belə tədbirlər ermənilərin törətdikləri vandalizm, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə beynəlxalq aləmin yaxından tanış olması üçün mühüm əhəmiyyət kəsb edir.

Türkiyə Prezidenti Azərbaycanın əzəli və ayrılmaz hissəsi olan Qarabağa səfəri və 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması postmüharibə dövrünün ən mühüm siyasi hadisələrindən biri kimi tarixə yazılıb. İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən iki qardaş ölkənin müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin böyük tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri zamanın çağırışına uyğun olaraq keyfiyyətcə yeni müstəviyə qədəm qoydu.

2021-ci il avqustun 30-da Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşadakı Yaradıcılıq Mərkəzində “Yaddaş. Fotoqrafik tarix”, Rəsm Qalereyasında “Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir” və Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgilər açıldı. Hər üç sərgidə nümayiş olunan qiymətli sənət nümunələri dünənlə bu günün vəhdətini yaratmaqla yanaşı, xalqımızın bənzərsiz sənətkarlıq xüsusiyyətlərini nümayiş etdirdi.

Bu il martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirildi. Bu toplantıda əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etmək idi.

Aprelin 22-23-də Şuşa daha bir tarixi tədbirə ev sahibliyi etdi. Zəfər Qurultayı adlandırılan Dünya Azərbaycanlılarının V Qurultayının burada keçirilməsi xalqımız üçün tarixi, siyasi və mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, həm də dünyaya verilən olduqca mühüm bir mesaj oldu. Bütün dünya gördü ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbi Vətən, Şuşa və Qarabağ sevgisi ilə döyünür, bütün dünya azərbaycanlıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşib.

Ötən ayın 28-də Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum keçirildi. Dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərinin və media nümayəndələrinin iştirak etdikləri Şuşa forumunda postmünaqişə dövründə Cənubi Qafqaz regionunda dayanıqlı sülhə və sabitliyə nail olmaq imkanları nəzərdən keçirildi. Bu forum region ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması, bölgənin tərəqqisi, təhlükəsizliyi və rifahı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması kimi aktual məsələləri əhatə edən sülh gündəliyinin müzakirəsi baxımından vacib platforma oldu.

Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada may ayının 5-dən başlayaraq 8-dək davam edən Birinci Beynəlxalq Kulinariya Festivalı müxtəlif ölkələrin kulinarlarını bir araya gətirdi. Azərbaycan xalqının qonaqpərvərliyi, bu şəhərin qədimliyi və gözəlliyi dünyaya bir daha nümayiş etdirildi. Festival günlərində incəsənət ustalarının iştirakı ilə bədii proqram təqdim edildi, istirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olundu.

Mayın 12-15-də Şuşada, Cıdır düzündə növbəti “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirildi. Üç gün davam edən sayca beşinci festival çərçivəsində milli rəqslər, muğamlar, klassik musiqi əsərləri təqdim olundu, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivləri konsertlər verdilər.

Təsadüfü deyil ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Şuşa işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev oraya 9 dəfə səfər edib. Bu səfərlər zamanı mühüm infrastruktur obyektlərinin açılışı olub, yenilərinin təməli qoyulub. Şuşada, həmçinin dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi bu qədim şəhərin tarixi-mədəni irsinin bərpası və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun sürətli inkişafına şərait yaradacaq.

Hikmət Əhmədov

AZƏRTAC-ın müxbiri

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.