SİYASƏT
Qarabağın uğrunda həlak olub
Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinkonun anadan olmasının 45-ci ildönümü günü Xarkovdakı “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyəti idarə heyətinin üzvləri Şahin Ömərov, Bayram Vəliyev, Pənah Bəkirov və Yekaterina Bubli, habelə Xarkovdakı Azərbaycan diasporunun nümayəndələri Vaqif Almuradov və Elşad Aslanov qədirbilən azərbaycanlılar adından qəhrəmanın Zmiyev şəhərindəki məzarı üzərinə çiçək dəstələri düzüb, bir dəqiqəlik sükutla xatirəsini yad ediblər.
Məzarlıqda Ruslanın dostları və qohumları toplaşıb, Pravoslav keşişi 22 il bundan əvvəl Qarabağ müharibəsində xüsusi əməliyyatı yerinə yetirərkən qəhrəmancasına həlak olmuş Ruslan Polovinkonun ruhuna dua oxuyub.
Qəhrəmanın qohumlarına və dostlarına Ruslan Polovinko haqqında “Dostluq” cəmiyyətinin hazırladığı film təqdim olunub.
Şahin Ömərov öz çıxışında Ruslanın qəhrəmanlığını xatırlayaraq əsl Vətən müdafiəçisi yetişdirdiklərinə görə onun valideynlərinə minnətdarlığını bildirib.
O, Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi məsələsinin operativ surətdə həll edilməsinə, Ruslanın valideynlərinin pensiya təminatı üçün lazımi sənədlərin rəsmiləşdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, ölkəmizin Ukraynadakı səfirliyinə və Azərbaycanın Müdafiə Nazirliyinə, habelə qəhrəmanın məzarını axtarıb tapmış Zaur Nurməmmədova və Rəhman Əliyevə səmimi minnətdarlığını çatdırıb.
Qəhrəmanın valideynləri də öz növbəsində, övladlarının xatirəsini əziz tutduqlarına görə, Xarkovdakı Azərbaycan diasporuna, “Dostluq” cəmiyyətinə, bütün Azərbaycan xalqına təşəkkür ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev