CƏMİYYƏT
“Qarabağın yolları uşaqların gözü ilə” rəsm müsabiqəsinə start verilir
Bakı, 18 yanvar, AZƏRTAC
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı” günü ilə əlaqədar olaraq “Qarabağın yolları uşaqların gözü ilə” rəsm müsabiqəsinə start verilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqəyə işğaldan azad edilmiş rayonların şagirdləri qatıla bilər.
Müəllif özü haqqında məlumatlar (adı, soyadı, ata adı, təvəllüdü, şəhərin (rayonun) adı və təhsil aldığı məktəb) da olmaqla çəkdiyi rəsmi fevral ayının 20-nə kimi agentliyə təqdim etməlidir.
Müsabiqədə işğaldan azad edilmiş rayonların şagirdləri iştirak edə bilərlər. Rəsmlər A3 formatından aşağı olmamalıdır. Rəsmlərin işlənmə texnikası sərbəstdir (rəngkarlıq, qrafika, kollaj və sair). Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər.
Rəsmlər poçt vasitəsilə göndərilməli və ya agentliyin inzibati binasına təqdim olunmalıdır. Agentliyin ünvanını rəsmi internet səhifəsindən - “aayda.gov.az” əldə etmək mümkündür.
Müsabiqədə ilk 3 yerin qalibinə hədiyyə, sonrakı 5 yeri tutan iştirakçıya həvəsləndirici mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, müsabiqədə iştirak edən rəsmlər geri qaytarılmır.
Əlaqə telefonu: (012) 499-79-29