ELM VƏ TƏHSİL


Qaradağ rayonu üzrə 18 məzun 600-dən yuxarı bal toplayıb

Bakı, 16 sentyabr, AZƏRTAC 

Bakının Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində “Bilik günü” münasibətilə tədbirlər keçirilib. Qaradağ Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri bu tədbirlərdə iştirak ediblər.

İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, belə tədbirlərdən biri də rayon rəhbərliyinin iştirakı ilə Faiq Rəfiyev adına 166 nömrəli tam orta məktəbdə keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov məktəb kollektivi qarşısında çıxış edərək, yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara yeni tədris ilində uğurlar diləyib. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşıb, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab edib. Təhsil sahəsində əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir. Bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində, təhsilin böyük nailiyyətlər əldə etməsində və nəhayət, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi diqqətinin nəticəsində bu sektor keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. Demək olar ki, Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır.

Qeyd edilib ki, 2018-2019-cu tədris ilində Qaradağ rayonu üzrə orta məktəbləri 1218 şagird bitirib, 3397 nəfər isə birinci sinfə gedib. Məzunlardan ali təhsil ocaqlarına sənəd verən 929 nəfərdən 585-i ali məktəblərə qəbul olunub ki, bu da sənəd verənlərin 63 faizini təşkil edir. Rayon üzrə 18 məzun 600-dən yuxarı bal toplayıb.

Məktəbin direktoru Şəmsi Qocayev bildirib ki, təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir. Görülən işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbər verir.

Ş.Qocayev deyib ki, 166 nömrəli tam orta məktəbdən məzun olmuş 59 şagirddən 37-si tələbə adını qazanıb, onlardan 3-ü 600 baldan yuxarı nəticə göstərib.

Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Faiq Rəfiyevin həyat yoldaşı Rəhilə Rəfiyeva pedaqoji kollektivi, şagirdləri və valideynləri “Bilik günü” münasibətilə təbrik edib, nəvəsi Maya Həsənlinin də sıralarında olduğu birincilərə uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.