CƏMİYYƏT
Qaradağ rayonu və qəsəbələri sosial simasını dəyişir
Bakı, 9 avqust, AZƏRTAC
Paytaxtın hər yerində olduğu kimi, Qaradağ rayonunda da geniş quruculuq-abadlıq işləri və pilot layihələri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, son illər xüsusi layihə əsasında və planlı şəkildə quruculuq-abadlıq və yenidənqurma işləri, sosial infrastruktur layihələrinin icrası rayonun sosial simasına müasir görkəm verib.
Rayonun yaşayış məhəllələrində, küçə və parklarında, yol kənarlarında on minlərlə müxtəlif ağac və gül kolları əkilib. Ələt qəsəbəsində yeni sosial obyektlər tikilir, köhnə binalar əsaslı şəkildə yenidən təmir olunur. Köhnə və qəzalı vəziyyətdə olan binalar sökülərək müasir tələblər səviyyəsində və yeni layihə əsasında inşa edilir. Qəsəbədə ən müasir səviyyədə təhsil ocaqları tikilib, sosialyönümlü obyektlər inşa edilib. Hazırda su xətləri və sanitar qovşaqları yenilənir. Regionun nəhəng infrastruktur layihəsi olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi sürətlə davam edir.
Abadlıq və quruculuq işləri Qobustan qəsəbəsində aparılır. Burada bir çox küçələr boyu yerləşən bina və parklar zövqoxşayan formaya salınır, yeni parklar inşa edilir. Qızıldaş qəsəbəsində bu yaxınlarda istifadəyə verilən abad məhəllə və yeni park sakinlərin razılığına səbəb olub. Hazırda qəsəbədə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək üçün abidənin tikintisi aparılır.
Rayonun Korgöz qəsəbəsində sosial tikintilər və yeni parklar göz oxşayır. Hazırda qəsəbədə yeni uşaq meydançası inşa edilir. Son altı ildə burada 7 abad məhəllə, 9 xeyir-şər evi istifadəyə verilib.
Lökbatan qəsəbəsində Seymur Orucov və 28 may küçələrində qəzalı vəziyyətdə olan qamış tipli binalar sökülərək yerində inşa edilən 8 yeni çoxmənzilli binada tikinti işləri davam etdirilir.