CƏMİYYƏT
Qaradağ rayonunda 2018-ci ilin birinci rübünün yekunları müzakirə olunub
Bakı, 17 aprel, AZƏRTAC
Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci il 9 aprel tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yığıncaqda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mixail Zabelin, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə icra başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Mixail Zabelin və Aydın Hüseynov, Şuranın üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Hesabat məruzəsi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov aprelin 11-də ölkəmizdə azad, şəffaf, demokratik şəraitdə prezident seçkilərinin keçirildiyini deyib. O, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübündə ölkədə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş nitqində Azərbaycanın əldə etdiyi yüksək nailiyyətləri vurğulayıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir, əldə olunmuş yüksək nailiyyətlər göz önündədir. Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində qurulan iqtisadi inkişafı təhlükəsiz şəraitdə yaşamağımızın qarantıdır.
2018-ci ilin birinci rübünün yekunları haqqında danışan Süleyman Mikayılov rayonun sosial iqtisadi inkişafını geniş təhlil edərək, statistik rəqəmləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Məruzə ətrafında Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Tahir Əliyev görülmüş işlər və qarşıda duran vəzifələr, “Azkomfort” MMC-nin direktor müavini Natiq Babayev tikinti sektorunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair çıxış edərək rayon icra hakimiyyətinin 2018-ci ilin birinci rübündəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildiriblər.
İclasda iştirak edən Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkədə gedən iqtisadi islahatlardan danışıb, dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərindəki möhtəşəm qələbəsini Azərbaycan xalqının sonsuz sevgisi və hədsiz inamı olaraq dəyərləndirib.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilib və yekdilliklə qəbul olunub.
Sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında 2018-ci il 6 mart tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə təltif edilmiş Qaradağ Rayonu Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin direktoru Hicran Aydın qızı Xəlilovaya “Tərəqqi” medalı təqdim olunub.