CƏMİYYƏT
Qaradağ rayonunda 2 Fevral - Gənclər Günü qeyd olunub
Bakı, 31 yanvar, AZƏRTAC
Qaradağ rayonunda 2 Fevral - Gənclər Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir rayon icra hakimiyyəti, YAP Qaradağ rayon təşkilatı, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Rayondakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ziyalılar və gənclər iştirak ediblər.
Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov tədbiri açaraq, gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, Gənclər gününün təsis olunmasının önəmindən danışıblar. Bildirilib ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və bu gün həmin siyasət uğurla həyata keçirilir. İndi ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə fəxri fərmanlar təqdim olunub.