CƏMİYYƏT
Qaradağ rayonunda Azərbaycan Uşaqlarının V Forumu üçün seçim mərhələsinə start verilib VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
Ölkəmizdə hər iki ildən bir keçirilən Azərbaycan Uşaq Forumunun sonunda fəal və kreativ düşüncəli 15 uşaqdan ibarət əlaqələndirmə şurası yaradılır. Yaranan qurum forumlararası müddətdə müvafiq qurumlarla təmasları davam etdirərək uşaqlar tərəfindən qaldırılan aktual məsələlərin həllini nəzarətdə saxlayır.
AZƏRTAC xəbər verir ki, Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində istedadlı uşaqlar arasından V Uşaq Forumuna seçimlə əlaqədar görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Günel Nağdəliyeva Forumla bağlı məlumat verərkən belə deyib. O, seçimlə bağlı danışaraq bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində cari ilin noyabr ayında baş tutacaq Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun seçim mərhələsinə start verilib.
Uşaq Forumunun yaranmasını və fəaliyyətini əks etdirən videorolikə baxışdan sonra söz uşaqlara verilib.
Görüşdə uşaqlar onları maraqlandıran, narahat edən məsələlər barədə danışıblar, qarşıdakı Forumda qaldırılan problemlərin müzakirə olunmasını, onların həllinin diqqətdə saxlanılmasını təklif ediblər.
6-cı sinif şagirdi, Beynəlxalq Muğam Müsabiqəsinin iştirakçısı Fəqan Xəlilli ifa etdiyi “Qarabağ şikəstəsi” ilə tədbir iştirakçılarının könlünü oxşayıb.
Komitənin uşaq problemləri şöbəsinin məsləhətçisi Şəbnəm Əlizadə maraqlı təkliflərə, edilən məzmunlu çıxışlara görə uşaqlara təşəkkür bildirib və qaldırılan məsələlərin gündəmdə saxlanılacağın söyləyib.
Xatırladaq ki, Bakı şəhərində keçiriləcək Forumda iştirak etmək məqsədilə Bakının Pirallahı, Xəzər, Nəsimi, Səbayıl, Binəqədi, Sabunçu, Suraxanı, Nizami, Qaradağ rayonlarından, eləcə də Ağdam və Şuşa şəhərlərindən fəallığı və intellektual səviyyəsi ilə seçilən, fikirlərini sərbəst ifadə edə bilən uşaqlar seçim mərhələsinə qatılıb.
Qeyd edək ki, bu günədək Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə 2009, 2011, 2014 və 2017-ci illərdə respublikanın bütün şəhər və rayonlarını təmsil edən uşaqların iştirak və idarə etdiyi Azərbaycan Uşaqlarının dörd Ümumrespublika Forumu keçirilib.
Forumların keçirilməsində məqsəd uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, problemlərinin həlli ilə bağlı təşəbbüs irəli sürmək və təklif vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir.
2020-ci ildə keçirilməli olan Uşaqların V Ümumrespublika Forumu pandemiya və Vətən müharibəsi səbəbindən təxirə salınmışdı.