ELM VƏ TƏHSİL
Qaradağ rayonunda Bilik günü qeyd olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Bilik günü münasibətilə Qaradağ rayonundakı bütün təhsil müəssisələrində tədbirlər keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Lökbatan qəsəbəsindəki C.Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb. S.Mikayılov ilk dəfə məktəbə qədəm qoyan birincilərə də uğurlar diləyərək hər birinin gələcəkdə ölkəmiz, cəmiyyətimiz üçün layiqli vətəndaş olaraq yetişmələrini arzulayıb.
Rayon icra hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük qayğı göstərdiyini xatırladıb. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi xəttini qətiyyətlə davam etdirir, təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərir.
Qeyd olunub ki, 2016-2017-ci tədris ili də Qaradağ rayonu üçün uğurlu olub. Tədris ilində Qaradağ rayonu üzrə orta məktəbi bitirmiş məzunlardan 580 nəfəri ali məktəblərə qəbul olunub və bu da sənəd verənlərin 62,7 faizini təşkil edir. 2015-2016-cı tədris ilində Qaradağ rayonu üzrə bu rəqəm 57,5 faiz təşkil edib. Builki qəbul imtahanlarında rayon üzrə 600-dən yuxarı bal toplayanların sayı 30 nəfər olub. Yeni tədris ilində Qaradağ rayonu ümumtəhsil məktəblərinə 3 min 554 nəfər birinci sinfə qəbul olunub.
Sonra ilk zəng çalınıb.
Qeyd edək ki, ötən illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində rayon ərazisində bir neçə təhsil ocağı əsaslı təmir olunub, yeni tədris korpusları inşa edilərək istifadəyə verilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonun imkansız ailələrindən olan 200 məktəbliyə yeni məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub.