CƏMİYYƏT
Qaradağ rayonunda Vətən Müharibəsi Qəhrəmanının adı əbədiləşdirilib
Bakı, 16 may, AZƏRTAC
Qaradağ rayonunda Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun adı əbədiləşdirilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, mayın 16-da rayonun Lökbatan qəsəbəsində uzunluğu 1500 metr olan və şəhid Rəşad Abdullayevin adını daşıyan küçənin yenidənqurmadan sonra açılışı olub. Küçə əsaslı şəkildə təmir edilib və girişində şəhidin barelyefi quraşdırılıb.
Küçənin açılışı münasibətilə keçirilən tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər.
Tədbirdən sonra iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib, qəhrəmanın məzarı önünə əklil qoyublar.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, kapitan Rəşad Abdullayev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə” , “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub.