CƏMİYYƏT


Qaradağ rayonunda Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı, 25 fevral, AZƏRTAC

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalı sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində 5 nömrəli Uşaq İncəsənət Musiqi Məktəbinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş rəsm işlərindən ibarət kompozisiyaya baxıblar və 166 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeirlər dinləyiblər.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı hadisələrindən bəhs edən film nümayiş olunub.

Çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova qeyd edib ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı, qəddar səhifəsidir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi.

Sonra YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirdi. Bildirib ki, bu gün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi kimi dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə soyqırımı kimi qiymət verilir.

Daha sonra rayonda məskunlaşmış Xocalı sakinləri adından çıxış edən şəhid ailəsi Fəridə Cabbarova qeyd edib ki, bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, soyqırımı kimi qəbul edilməsi, soyqırımı faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi istiqamətində ciddi işlər görülür.

Görüşdə xocalılıların arzu və təklifləri dinlənilib, onları narahat edən problemlərin həlli istiqamətində aidiyyəti qurumlara göstərişlər verilib.

Görüşün sonunda Qaradağ rayonu ərazisində məskunlaşmış 117 Xocalı ailəsinə rayon icra hakimiyyəti tərəfindən ərzaq paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.