CƏMİYYƏT
Qaradağ rayonunda abadlıq quruculuq işləri davam etdirilir
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğı sayəsində hər yerdə olduğu kimi, Qaradağ rayonunda da infrastruktur və sosial layihələr davamlı olaraq icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları bərpa edilir və ya yenilənir, mərkəzi küçələr əsaslı şəkildə yenidən qurulur. Bakı-Ələt (Astara) avtomobil magistral yolunun kənarlarında isə yaşıllıq zolaqları salınıb. Görülən işlər nəticəsində rayonun görkəmi müasir standartlara cavab verir.
Qaradağ rayonunun sakinlərinin iştirakı ilə qəsəbələrin siması dəyişir, rayon gözəlləşir. Bu, son illərdə ölkəmizin sürətli inkişafının, əldə etdiyi uğurların parlaq nümunəsidir. Rayon ərazisində sənaye potensialı güclənməklə yanaşı, genişmiqyaslı infrastruktur və sosial layihələr rayonun simasını müasirləşdirməklə əhalinin həyatına da rahatlıq gətirir. Açılan yeni iş yerləri sakinlərin məşğulluğunu artırır, aparılan abadlıq-quruculuq işləri isə insanlara mənəvi zövq verir.
Abadlıq quruculuq işləri çərçivəsində çoxmərtəbəli yaşayış binalarının təmirini xüsusi vurğulamaq lazımdır. Rayon mənzil fonduna daxil olan binaların son beş ildə 55-nin dam örtüyü dəyişdirilib, 150-nin dam örtüyü əsaslı və cari təmir olunub. Hazırda bu işlər Lökbatan, Sahil, Qobustan, Ələt, Qızıldaş və digər qəsəbələrdə davam etdirilir. Binaların giriş qapıları da dəyişdirilir, pilləkən qəfəsləri təmir edilir, yeni abad həyətlər salınıb.
Bu il Qaradağ rayonunda 5 nümunəvi həyət salınıb, 8 xeyir-şər evi sakinlərin istifadəsinə verilib. Nümunəvi həyətlərin ən böyüyü Lökbatan qəsəbəsində IDEA İctimai Birliyinin təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində salınıb. Həyət aprelin 14-də sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilən, sahəsi iki hektar olan bu həyətdə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün kölgəlik və attraksionlar quraşdırılıb. Həmçinin həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol meydançası və idman alətlərindən ibarət meydança salınıb.
Hazırda Sahil qəsəbəsində 120, Müşviqabad qəsəbəsində 150 nəfərlik xeyir-şər evlərinin tikintisi davam etdirilir.
Bundan əlavə, 2018-2019-cu tədris ilinin başlanması ərəfəsində Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 nömrəli orta məktəb binası əsaslı şəkildə təmir edilib. Sinif otaqları, dəhliz və ayrı-ayrı fənn kabinetləri müasir standartlar səviyyəsində yenidən qurulub, bütün lazımi avadanlıqlarla təchiz olunub. Məktəbdə şagirdlərin təhsili üçün lazım olan bütün şərait yaradılıb.
Son bir neçə ildə Qaradağ rayonunda yol-nəqliyyat infrastrukturu da yenilənib. Lökbatan, Sahil, Puta, Ələt, Qobustan və Səngəçal qəsəbələrində daxili yollarda təmir işləri aparılıb. Hazırda Səngəçal–Çeyildağ və Lökbatan–Qızıldaş qəsəbələrini birləşdirən qəsəbələrarası yolların əsaslı təmir işləri davam etdirilir.
Təkcə bu il Qaradağ rayonunun qəsəbələrində, parklarında və Bakı-Ələt (Astara) magistral avtomobil yolunun kənarlarında 21,5 min kvadratmetr sahə yaşıllaşdırılıb. Bundan başqa, 25 min gül və bəzək kolları, 20 minə yaxın Eldar şamı, zeytun, giparis, tuya, çinar və digər ağaclar əkilib.