CƏMİYYƏT
Qaradağ rayonunda ölümlə nəticələnən qəza törədərək qaçan sürücü istintaqa cəlb olunub
Bakı, 17 fevral, AZƏRTAC
Qaradağ rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, fevralın 14-də saat 20:30 radələrində H.Tağıyev-Sahil qəsəbəsi yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Qənbərov Turan Əmrulla oğlunun sərxoş vəziyyətdə idarə etdiyi “KamAZ 5410” markalı 40-BF-988 dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı zamanı yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn İsrafilov Sərvan Eldar oğlunun idarə etdiyi “VAZ-21061” markalı 24-BA-711 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində sürücü S.İsrafilov və “VAZ-21061” markalı avtomobildə olan sərnişin Əliyev Oleq Mahmudoviç aldıqları xəsarətdən hadisə yerində ölüblər. T.Qənbərov hadisə yerindən qaçıb. Faktlara görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində T.Qənbərov fevralın 15-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
T.Qənbərov iş üzrə Cinayət Məcəlləsinin 263-1.4-cü (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Qaradağ Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.