CƏMİYYƏT
Qaradağ rayonunda polisə müqavimət göstərərək hadisə yerindən qaçan şəxs saxlanılıb VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Qaradağ rayonu ərazisində, Lökbatan-Qobu yolunda naməlum şəxs Abşeron rayon sakininin 477 manat məbləğində pulunu soyğunçuluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs - Cəbrayıl rayon sakini Nurlan Quliyev polis əməkdaşları tərəfindən saxlanılan zaman tabesizlik göstərib və idarə etdiyi “VAZ 2114” markalı avtomobillə ərazidən qaçıb.
Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Nurlan Quliyev idarə etdiyi avtomobillə birgə qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisəni narkotik vasitələrin təsiri altında törətdiyini, ictimai asayişi pozduğuna və yaşadığı ünvanda digər şəxslərə narahatçılıq yaratdığına görə peşman olduğunu bildirib.
Faktlarla bağlı Qaradağ Rayon Polis İdarəsində Nurlan Quliyev barəsində araşdırmalar davam etdirilir.