CƏMİYYƏT
Qaradağ rayonunda top mərmisi aşkarlanıb
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də saat 10:48-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 13 saylı poliklinikanın yaxınlığında, məişət tullantıları üçün nəzərdə tutulmuş yerdə sellofan torbaya bükülmüş mərmiyə oxşar əşyanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Qaradağ Rayon Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 100 millimetrlik top mərmisi (PBR-412) aşkarlanıb. Həmin mərmi zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.